HÜRJET və Türk Ulduzları Türkiyə aviasiya tarixində ilk dəfə olaraq 10 təyyarədən ibarət heyət uçuşu həyata keçiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.
Türkiyə aviasiya tarixində ilk dəfə olaraq yerli istehsal olan səsdən sürətli təlim və yüngül hücum təyyarəsi “HÜRJET” ilə Türkiyə Hərbi Hava Qüvvələrinin məşhur “Türk Ulduzları” (Türk Yıldızları) aerobika komandası 10 təyyarədən ibarət birgə qrup uçuşu həyata keçiriblər.
Verilən məlumata görə, bu tarixi uçuşda “Türk Ulduzları”nın 8 təyyarədən ibarət qrupuna daha 2 ədəd “HÜRJET” təyyarəsi qoşulub.
Mütəxəssislər bu uçuşu Türkiyənin milli müdafiə sənayesinin və hərbi aviasiyasının çatdığı yüksək inkişaf səviyyəsinin növbəti göstəricisi kimi qiymətləndirirlər.
Tamamilə yerli imkanlarla hazırlanan və sınaqları uğurla davam edən “HÜRJET” təyyarələrinin peşəkar pilotlar tərəfindən idarə olunan “Türk Ulduzları” komandası ilə eyni qrupda belə mürəkkəb manevrləri yerinə yetirməsi böyük maraqla qarşılanıb.
Hadisənin rəsmi videosu sosial şəbəkələrdə qısa müddətdə geniş izləyici kütləsi toplayıb.
Xuraman Etibarlı
İnterpress.az






