Moskvada DXR-in keçmiş naziri Andrey Pinçuka qarşı sui-qəsd cəhdi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva ətrafında tanınmamış “Donetsk Xalq Respublikası”nın (DXR) keçmiş dövlət təhlükəsizlik naziri Andrey Pinçuka qarşı sui-qəsd cəhdi edilib.
Hadisə Yeni Moskva ərazisində yerləşən Şapovo qəsəbəsində baş verib.
İlkin məlumatlara görə, kuryer Pinçuka xüsusi bağlama çatdırıb və həmin bağlama evdə qəfildən partlayıb. Güclü partlayış dalğasının təsirindən evin pəncərələri və qapıları yerindən qopub.
Andrey Pinçukun verdiyi məlumata görə, o, son anda partlayışdan gizlənməyi bacarıb.
Əldəqayırma partlayıcı qurğunun kifayət qədər güclü olmasına və içərisində çoxlu sayda qəlpə elementlərinin yer almasına baxmayaraq, o, yalnız yüngül kontuziya alıb.
Hazırda hadisə yerində müstəntiqlər və polis əməkdaşları fəaliyyət göstərirlər.
Sui-qəsdi törətməkdə şübhəli bilinən şəxslərin və partlayıcı bağlamanı gətirən kuryerin müəyyənləşdirilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






