İndoneziyada benzinin kəskin bahalaşması kütləvi etirazlara səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İndoneziyada benzinin qiymətinin kəskin şəkildə artırılmasından sonra ölkə daxilində genişmiqyaslı kütləvi etiraz aksiyaları başlayıb.
KİV-lərin yaydığı məlumata görə, iyunun 10-dan etibarən ölkədə ən populyar yanacaq növü hesab edilən “Pertamax” markalı benzinin bir litrinin qiyməti 30 faizdən çox artaraq 12,3 min rupidən (təxminən 1,16 manat) 16,2 min rupiyə (təxminən 1,53 manat) yüksəlib.
Yanacağın bahalaşması minlərlə insanın küçələrə axışaraq hökumət əleyhinə şüarlar səsləndirməsinə yol açıb.
Aksiyalar zamanı etirazçılarla polis qüvvələri arasında toqquşmalar qeydə alınıb, bəzi ərazilərdə nəqliyyatın hərəkəti tamamilə iflic olub.
Ekspertlər qeyd edirlər ki, yanacaq qiymətlərinin kəskin şəkildə artması istənilən ölkə iqtisadiyyatı üçün ən həssas və ağrılı mövzulardan biridir.
Çünki bu artım zəncirvari reaksiya ilə digər xidmətlərin və ərzaq məhsullarının da qiymətlərinin yüksəlməsinə səbəb olur.
İndoneziya hökuməti hələlik etirazlarla bağlı geri addım atmayıb və əhaliyə əlavə iqtisadi subsidiyaların verilməsi imkanlarını nəzərdən keçirir.
Xuraman Etibarlı
İnterpress.az






