Türkiyədə “Mezdeke” rəqqasəsinin 10 il əvvəl törədilən gizli qətlinin üstü açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Türkiyənin İstanbul şəhərində 10 il əvvəl Şişli rayonunda öz evinin önündə odlu silahla qətlə yetirilmiş məşhur “Mezdeke” rəqs qrupunun üzvü Aynur Kanburun (49 yaş) qətli ilə bağlı aparılan araşdırmalar nəticəsində 3 şübhəli şəxs həbs edilib.
Saxlanılanlar arasında qətli törətdiyini etiraf edən və eyni zamanda qurbanın qohumu olan Bülent Gündüz və cinayəti sifariş edən digər 2 nəfər (Fazlı Kar və Serdar Kar) yer alır.
Hadisə 24 mart 2016-cı ildə saat 20:05 radələrində Şişlinin Fulya məhəlləsində baş verib. 90-cı illərdə qurulmuş məşhur qrupun rəqqasəsi Aynur Kanbur evinin giriş qapısı önündə naməlum şəxs tərəfindən çoxsaylı tapança atəşi ilə öldürülüb.
Hadisə yerindən tapılan boş gilizlərin heç bir digər cinayət və ya silahla uyğunlaşmaması səbəbindən qətl uzun illər üstü açılmayan cinayət kimi qalıb.
2026-cı ildə cinayət işi üzrə yenidən xüsusi istintaq qrupu yaradılıb. Polis əməkdaşları Məcidiyəköydəki təhlükəsizlik kameralarının 4000 saatlıq qeydlərini ağırlaşdırılmış rejimdə izləyərək şübhəlinin izinə düşüblər.
Məlum olub ki, cinayətkar metrobüslə Avcılardan gəlib və onun “İstanbulkart” (ictimai nəqliyyat kartı) qeydləri araşdırıldıqdan sonra şəxsiyyəti müəyyən edilib.
Saxlanılan Bülent Gündüz dindirilmə zamanı cinayəti etiraf edərək qurbanın onların qohumu olduğunu, onun rəqqasəlik fəaliyyətinə görə illərlə insanların onlarla lağ etdiyini və buna dözməyərək qətli icra etdiyini bildirib.
Məhkəmənin qərarı ilə hər 3 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Xuraman Etibarlı
İnterpress.az






