İtaliya rusiyalıların Avropaya girişinin qadağan edilməsi ideyasını dəstəkləmir.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
İtaliya hökuməti Rusiya Federasiyası vətəndaşlarının Avropa İttifaqına (Aİ) girişinin tamamilə qadağan edilməsi ideyasını dəstəkləmir. Bu barədə məlumatı İtaliyanın diplomatik mənbələrindən biri açıqlayıb.
İtaliyanın konsulluq idarələrinin digər Avropa ölkələri ilə müqayisədə rusiyalılara ən çox turist vizası verməsi barədə məlumatı şərh edən diplomat “faktlar özü hər şeyi deyir” ifadəsini işlədib.
Mənbə qeyd edib ki, rəsmi Roma Rusiya vətəndaşlarına qarşı kütləvi viza məhdudiyyətlərinin tətbiqini səmərəsiz hesab edir və sıravi insanların Avropa ölkələrinə səyahət etmək hüququnun qorunmasının tərəfdarıdır.
Qeyd edək ki, son vaxtlar bəzi Şərqi Avropa və Baltikyanı ölkələr rusiyalıların Aİ-yə girişinə tamamilə qadağa qoyulmasını tələb etsələr də, İtaliya, Fransa və Almaniya kimi aparıcı dövlətlər bu təşəbbüsə qarşı çıxırlar.
İtaliya konsulluqları rusiyalı turistlər üçün vizaların rəsmiləşdirilməsi prosesini standart rejimdə davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






