İtaliyada Avropanın ən hündür vulkanı olan Etna yenidən püskürüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İtaliyanın Siciliya adasında Avropanın ən uca fəal vulkanı sayılan Etna yenidən püskürməyə başlayıb.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun yaydığı rəsmi məlumata görə, püskürmə dəniz səviyyəsindən təxminən 3 kilometr yüksəklikdə başlayıb və kraterdən çıxan qızmar lava axını təqribən 2700 metr hündürlüyə qədər enib.
Hadisə ilə əlaqədar regionda təhlükə səviyyəsi rəsmən “sarı” həddə qaldırılıb.
Bununla belə, yerli hakimiyyət orqanları vulkanın yaxınlığında yaşayan əhali və turistlər üçün hər hansı birbaşa təhlükənin olmadığını bildiriblər.
Kül və duman buludları səbəbindən yaxınlıqdakı hava limanlarında uçuşların təhlükəsizliyi nəzarətə alınıb, sakinlərdən ehtiyatlı olmaq xahiş edilib.
Ekspertlər qeyd edirlər ki, Etnanın bu cür mütəmadi püskürmələri Siciliya üçün təbii hal hesab olunur və hazırda vəziyyət seysmoloqların ciddi nəzarəti altındadır.
Xuraman Etibarlı
İnterpress.az






