Ermənistanda dövlət sirrini yaymaqda ittiham olunan polkovnik və məxfi rejim zabiti həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi dövlət sirri təşkil edən məxfi məlumatların qanunsuz olaraq ifşası faktı üzrə cinayət işinin başladıldığını və iki nəfərin saxlanıldığını açıqlayıb.
İstintaq materiallarına görə, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin komandiri, polkovnik rütbəli Edik Maloyan dövlət sirri ilə tanış olmaq hüququ olmadığı halda, həmin hərbi hissənin məxfilik rejimi üzrə zabiti R.C.-ni (hansı ki, dövlət sirrinə buraxılışı olub) gizli məlumatları ifşa etməyə təhrik edib.
Polkovnik əldə etdiyi məxfi məlumatları sonradan özü də qanunsuz olaraq digər şəxslərə yayıb.
Faktla bağlı polkovnik Edik Maloyana qarşı dövlət sirrinin yayılmasına təhriketmə və qanunsuz yolla əldə edilmiş məxfi məlumatların ifşası, zabit R.C.-yə qarşı isə birbaşa dövlət sirrini yayma maddələri ilə cinayət işi açılıb.
İlkin istintaq çərçivəsində hər iki hərbçi saxlanılıb və məhkəməyə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı rəsmi vəsatət təqdim olunub.
Ermənistan Müdafiə Nazirliyi orduda daxili təhlükəsizlik və məxfilik rejiminə nəzarətin daha da gücləndiriləcəyini bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az






