Dünyasını dəyişmiş insanları “əvəz etmək” üçün süni intellektli robotlar yaradılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Süni intellekt sahəsində fəaliyyət göstərən “UBTECH” şirkəti vəfat etmiş insanları qismən “əvəz edə bilən” yeni insanabənzər robot layihəsini təqdim edib.
Bu ağıllı cihaz konkret insanın xarici görünüşünü, səs tembrini və fərdi davranış xüsusiyyətlərini kopyalamaq qabiliyyətinə malikdir.
İxtiraçıların fikrincə, bu texnologiya dünyasını dəyişmiş yaxınlarının itkisi ilə barışa bilməyən şəxslərə, xüsusən də tənha yaşayan yaşlı insanlara mənəvi dəstək vermək üçün nəzərdə tutulub.
Şirkət rəsmiləri bu layihənin psixoloji dəstək sahəsində mühüm addım olacağını iddia etsələr də, sosioloqlar və psixoloqlar bunun əleyhinə çıxıblar.
Onlar xəbərdarlıq edirlər ki, dünyasını dəyişmiş insanların robotlarla əvəzlənməsi ağır psixi pozğunluqlara və insanların real dünyadan tamamilə qopmasına yol aça bilər.
Eyni zamanda, bu texnologiya bir çoxları tərəfindən qeyri-etik addım kimi də kəskin tənqid olunub. Hazırda layihənin eksperimental mərhələdə olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






