Voronejdə sürətlə hərəkət edən kater çayda çimən 11 yaşlı uşağı əzərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Voronej şəhərində su hövzəsində ölümlə nəticələnən ağır bədbəxt hadisə baş verib. Voronej su anbarında, Maksim Qorki adına sanatoriyanın yaxınlığındakı çimərlik ərazisində sürətlə hərəkət edən kiçikhəcmli kater çayda çimən 11 yaşlı məktəbli oğlanın üzərindən keçib.
Hadisə şahidlərinin sözlərinə görə, sürətlə gələn katerin pəri uşağın qol və bədən nahiyəsinə ağır kəsici xəsarətlər yetirib. Hadisə yerində həkimlər tərəfindən aparılan reanimasiya tədbirlərinə baxmayaraq, azyaşlı aldığı ağır yaralardan elə oradaca dünyasını dəyişib.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Nəqliyyatda İstintaq İdarəsi tərəfindən “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma və su nəqliyyatının istismar təhlükəsizliyi qaydalarının pozulması” maddəsi ilə rəsmi cinayət işi başlanıb.
Hadisəni törədən və qəzadan sonra dərhal qaçan kater sürücüsünün müəyyənləşdirilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Günahkar şəxsi qanunvericiliyə əsasən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






