Gənc sənət elçiləri Bakıda Türkiyə-Azərbaycan sənət körpüsünü gücləndirir – FOTObackend

Gənc sənət elçiləri Bakıda Türkiyə-Azərbaycan sənət körpüsünü gücləndirir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunus Emre İnstitutu tərəfindən gənc sənətçilərin beynəlxalq mədəniyyət və sənət mühiti ilə tanışlığını təmin etmək məqsədilə həyata keçirilən “Gələcəyin sənət elçiləri” proqramının Bakı mərhələsi 23–27 avqust 2026-cı il tarixlərində keçirilir.

İnterpress.az xəbər verir ki, Azərbaycanla yanaşı, Fransa və Bosniya və Herseqovinada da təşkil olunan proqram Türkiyədən olan gənc sənətçilərə müxtəlif ölkələrin mədəni və sənət irsini yerində tanımaq, sənətçilər və akademiklərlə təcrübə mübadiləsi aparmaq, eləcə də beynəlxalq sənət dairələri ilə yeni əlaqələr qurmaq imkanı yaradır.

Bakıda keçirilən proqramda isə Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlığın ortaq tarix, mədəniyyət, musiqi və sənət vasitəsilə gənc nəsillərə ötürülməsi ön plana çıxarılır. Türkiyədən gələn gənc sənətçilər və akademiklər beş gün ərzində Azərbaycanın tarixi və mədəni irsi ilə yaxından tanış olur, ölkənin aparıcı mədəniyyət və sənət qurumlarının akademikləri, sənətçiləri və tələbələri ilə görüşürlər.

Proqram ortaq tarixi yaddaşın məkanlarında başlayıb

Bakı proqramı çərçivəsində ilk səfərlər avqustun 24-də Bakı Türk Şəhidliyinə, Şəhidlər xiyabanına və Fəxri xiyabana təşkil olunub.

Türkiyədən gələn gənc sənətçilər Bakının azadlığı uğrunda şəhid olan Qafqaz İslam Ordusu mənsublarının əziz xatirəsini yaşadan Bakı Türk Şəhidliyini ziyarət edərək ərazinin tarixi əhəmiyyəti barədə məlumat alıblar. Daha sonra Şəhidlər xiyabanına gedilərək Azərbaycanın müstəqilliyi və Vətənin müdafiəsi uğrunda həyatını itirən şəhidlər yad edilib.

Nümayəndə heyəti Fəxri xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarı başda olmaqla, ölkənin dövlət, elm, mədəniyyət və incəsənət həyatında iz qoymuş mühüm şəxsiyyətlərin xatirəsini yad edib. Bununla da iştirakçılar Azərbaycanın yaxın tarixi və mədəni həyatına istiqamət vermiş şəxsiyyətləri yaxından tanımaq imkanı əldə ediblər.

Proqram Dağüstü park və UNESCO-nun Dünya İrs Siyahısına daxil olan İçərişəhərə səfərlərlə davam edib. Şirvanşahlar sarayı, Qız qalası, Cümə məscidi, tarixi karvansaralar və ənənəvi memarlıq nümunələri vasitəsilə Bakının tarixi və mədəni siması gənc sənətçilərə təqdim olunub.

Azərbaycan Milli Konservatoriyasında gənc sənətçilər görüşəcək

Proqramın mühüm dayanacaqlarından biri Azərbaycan Milli Konservatoriyası olacaq. Burada Türkiyədən gələn gənc sənətçilər və akademiklər konservatoriyanın müəllim və tələbələri ilə xüsusi proqram çərçivəsində bir araya gələcəklər.

Görüş zamanı iki ölkənin musiqi təhsili və ənənələri barədə qarşılıqlı məlumat və təcrübə mübadiləsi aparılacaq, Türkiyə və Azərbaycanın ortaq musiqi irsi əsasında gənc sənətçilər arasında qarşılıqlı əlaqə yaradılacaq.

Tələbə və akademiklərin birgə iştirak edəcəyi proqramla iki qardaş ölkənin konservatoriya mühitləri arasındakı əlaqələrin gücləndirilməsi və gələcəkdə həyata keçirilə biləcək birgə sənət layihələri üçün zəmin yaradılması məqsədi güdülür.

Proqram çərçivəsində həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və Heydər Əliyev Mərkəzinə səfərlər təşkil ediləcək. Bununla iştirakçıların Azərbaycanın ənənəvi sənət növlərindən müasir incəsənət anlayışına qədər uzanan zəngin mədəni irsi yaxından tanımaları təmin olunacaq.

Qardaş incəsənət qurumları arasında yeni əlaqələr

Avqustun 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə səfər edilərək universitetin akademikləri və tələbələri ilə görüş keçiriləcək.

Görüşlər zamanı Türkiyə və Azərbaycanın qardaş incəsənət və konservatoriya mühitləri arasında tələbə, akademik və sənətçi səviyyəsində əlaqələrin inkişaf etdirilməsi, gənclərin bir-birinin sənət anlayışı və təhsil ənənələri ilə yaxından tanış olması, gələcəkdə birgə layihələrin hazırlanmasına töhfə verilməsi hədəflənir.

Gələcəyin sənətçiləri Yunus Emre İnstitutunda eyni səhnəni paylaşacaq

Proqramın növbəti mərhələsində Türkiyədən və Azərbaycandan olan gənc sənətçilərin Yunus Emre İnstitutunda bir araya gəlməsi və sənət fəaliyyətlərini nümayiş etdirməsi nəzərdə tutulur.

Bu görüşlərin Türkiyə-Azərbaycan arasında mövcud olan mədəni və sənət əlaqələrinin gənc nəsil vasitəsilə daha da möhkəmləndirilməsinə, qarşılıqlı yaradıcılıq mühitinin formalaşmasına və gələcək birgə sənət layihələri üçün yeni imkanların yaranmasına xidmət edəcəyi bildirilir.

image-f1fbc136-db52-49c7-9a87-76c8cc0ccf98-1787566700253729831 image-e68478d2-61b1-49cd-9935-e539708d1d41-1787566699799387204 image-ccecf77a-a6b3-457f-aa4d-46440e8ff99e-1787566699767436620 image-4e912337-78ca-4167-8d6f-1fa836ac5d69-1787566699704342397 image-f964e86a-efcd-4d39-937a-96a2dd9af23c-1787566700287932530 image-untitled-1-1787566700344879287