Rostovda dayanacaq mübahisəsi qanlı faciə ilə nəticələndi: ər-arvad öldürülərək meyitləri parçalandı
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Rostov vilayətində avtomobil dayanacağı üstündə yaranan mübahisə ər-arvadın qətli ilə nəticələnib. Hadisə Rostov-na-Donu şəhərində, “Yekaterininski” yaşayış kompleksinin yaxınlığında baş verib.
Məlumata görə, 26 yaşlı kişi 41 yaşlı Andrey və 40 yaşlı həyat yoldaşı Ruslana ilə mübahisə edib. O, cütlüyü döyərək zorla onların “Lada Vesta” markalı avtomobilinə mindirib və ərazidən uzaqlaşdırıb. Hadisə zamanı ər-arvadın övladlarından biri də baş verənləri görüb.
İddialara əsasən, hücum edən şəxs daha sonra hər iki nəfərə bıçaqla çoxsaylı zərbələr endirib, onların ölümündən sonra meyitləri parçalayaraq qalıqları Aksay rayonuna aparıb. Meyit qalıqları sonradan həmin ərazidə aşkarlanıb.
Hadisə şahidlərinin ifadələri və müşahidə kameralarının görüntüləri əsasında şübhəlinin şəxsiyyəti müəyyən edilib. 26 yaşlı kişi saxlanılıb, faktla bağlı cinayət işi açılıb.
Hadisənin dayanacaq üstündəki mübahisədən qaynaqlandığı bildirilsə də, binanın konsyerjinin sözlərinə görə, tərəflər arasında bundan əvvəl də uzunmüddətli münaqişə olub. Şübhəlinin həyat yoldaşı avtomobilinin təkərlərinin kəsilməsindən, eləcə də özünə və övladına ünvanlanan təhdidlərdən şikayət edibmiş.
Hadisənin şahidi Anna isə dayanacaqdan kömək çağırışları eşitdiyini və yaxınlaşanda dava gördüyünü bildirib.
Onun sözlərinə görə, ətrafdakılar hücum edən şəxsi saxlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Qadın 112 xidmətinə zəng etdiyi vaxt həmin şəxs ər-arvadı avtomobillə aparıb.
Faciə nəticəsində üç azyaşlı uşaq valideynsiz qalıb.
Xuraman Etibarlı
İnterpress.az






