45 yaşına çatdığı üçün təyyarəyə buraxılmayan qadın aviaşirkətdən 11 min manatdan çox təzminat alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Krasnoyarsk şəhərindən olan Marina 45 yaşını tamamladıqdan sonra həmkarları ilə İrəvana səfər etmək istəyib.
O, ilk uçuşunu problemsiz həyata keçirsə də, Novosibirsk hava limanında aviaşirkət əməkdaşı pasportunun etibarsız olduğunu əsas gətirərək onu növbəti reysə buraxmayıb.
Halbuki qanunvericiliyə əsasən, 45 yaş tamamlandıqdan sonra pasport daha 90 gün qüvvədə qalır. Qadın məcburən Krasnoyarska qayıdaraq Moskva üzərindən yeni biletlərə 123 min rubl (təxminən 2 558 manat) ödəyib.
Daha sonra aviaşirkəti məhkəməyə verən Marina məhkəmənin qərarı ilə 541 min rubl (təxminən 11 248 manat) təzminat, cərimə və hüquqi xərclərin ödənilməsinə nail olub.
Apellyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb.
Xuraman Etibarlı
İnterpress.az






