İnterpress.az bildirir ki, tanınmış futbolçu Maşallah Əhmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olan şikayətin müəllifi, iş üzrə zərərçəkən və mülki iddiaçı kimi tanınan Yusif Əzizov redaksiyamıza mövqeyi ifadə olunan məktub yollayıb.
Y.Əzizov “Yeni Müsavat”ın 1 fevral 2017-ci il tarixli sayında dərc olunmuş “Tanınmış veteran futbolçunun azadlığı üçün prezidentə müraciət olunacaq” sərlövhəli yazıda yer alan fikirlərə etiraz edir. Məktubunda yazır ki, M.Əhmədov ona qarşı dələduzluq etməklə 156 min manat ziyan vurub. Həmin ziyanı qaytarmaq üçün M.Əhmədova vaxt versə də, sonuncu onu yenə də aldadıb.
Y.Əzizovun məktubundan sitat: “Maşallah Əhmədov 2014-cü ildə etibarımdan istifadə edərək 156 min manat ziyan vurub. Bunun 15 min manatını oğlumu Neft Şirkətinə işə düzəltmək adı ilə alıb, 128 min manatını mənə məxsus qranit daşları xəbərim olmadan sataraq ələ keçirib. Qranit daşların qiymətini məhkəmənin təyin etdiyi ekspertiza müəyyən edib. Bundan əlavə məndən 13 min manat borc pul alıb. 2015-ci il yanvarın əvvəlində başa düşdüm ki, Maşallah Əhmədov məni aldadır. Həmin ilin dekabrında qədər ondan mənə vurduğu ziyanı qaytarmasını tələb etdim. O isə yalançı vədlərlə ziyanı qaytarmaqdan yayınırdı. Həmin ilin dekabrında Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. Maşallah Əhmədovun kifayət qədər vaxtı və imkanı olmasına baxmayaraq o, kimlərəsə arxayın olub mənə vurduğu ziyanı qaytarmağa səy göstərməyib”.
Y.Əzizov məktubunda qeyd edir ki, məhkəmə prosesində M.Əhmədov ona vurduğu ziyanın qarşılığında cəmi 45 min manat pul təklif edib: “Bu məbləği verəcəyi təqdirdə, ona qalan pulları qaytarmaq üçün vaxt verməyə razı idim. M.Əhmədov bununla da razılaşmadı. İndi isə ictimaiyyətdə rəy yaratmaq istəyirlər ki, guya M.Əhmədov ziyanı ödəməyə hazır imiş. Sual verirəm: bəs nə üçün o, ötən 2 il yarım müddət ərzində vurduğu ziyanı ödəməyib?”
Y.Əzizov qeyd edir ki, məhkəmə prosesində qeyd etdikləri ekspert rəyi, şahid ifadələri, sübutlarla təsdiqini tapıb: “Bu gün də Maşallah Əhmədovu mənə vurduğu ziyanı qaytaracağı halda onu bağışlamağa hazıram. Mənim arxamda Allahdan, Azərbaycan dövlətindən və qanunlardan başqa heç kim dayanmayıb”.
İnterpress.az