“Mən bu cür fikirləri əsla qəbul etmirəm”backend

“Mən bu cür fikirləri əsla qəbul etmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Azərbaycanın sabiq Baş nazirinin müavini, millət vəkili Vahid Əhmədov deputat həmkarı Araz Əlizadənin Qafqaz İslam Ordusu və Nuru Paşa ilə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib.

V.Əhmədov Osmanlı dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mənfi münasibətdə olması fikirlərinə inanmadığını bildirib:

“1918-ci ildə Azərbaycanı işğaldan azad edən və azərbaycanlıların yardımına gələn Nuru Paşanın atdığı addımları çox yüksək qiymətləndirirəm. Nuru Paşa haqqında söylənilən fikirlər həqiqətə uyğun deyil. Guya Nuru Paşanın camaatdan qızıl, var-dövlət yığması barədə səsləndirilən fikirlər cəfəngiyatdır. Bu cür fikirlər Nuru Paşanın ruhuna hörmətsizlikdir. Bununla bəzi adamlar Azərbaycan əhalisi arasında müəyyən gərginlik yaratmaq istəyir”.

Araz Əlizadənin və Hacı Əbdül Əbdülovun “Rusiyanın adamı” olması barədə səslənən fikirlərə də toxunan V.Əhmədov bu cür ittihamları da qəbul etmədiyini söyləyib:

“Bəziləri deyir ki, bu şəxslər Rusiyanın adamıdır, “5-ci kalon”un üzvləridir və sairə. Mən bu cür ittihamları da düzgün qəbul etmirəm. Ola bilər ki, hansısa maraqlara görə hər hansı bəyanatlar səsləndirilsin. Amma bu o demək deyil ki, həmin adamlar Rusiyanın adamıdır.

Digər tərəfdən isə biz 25 ildir ki, müstəqilik. Ötən 25 ildə Azərbaycanda gənc nəsil və cavan kadrlar yetişib. Ona görə də Azərbaycanın müstəqilliyini heç kəs sarsıda bilməz. Mən gənc nəslin nümayəndələri ilə də tez-tez görüşüb söhbətlər aparıram. Ona görə də heç nədən qorxmadan, çəkinmədən bunu deyirəm. Biz Azərbaycanın dövlət müstəqilliyini nəyin bahasına olursa-olsun qoruyub saxlayacağıq və gənc nəsillərə təhvil verəcəyik. Hesab edirəm ki, Azərbaycanın ağıllı ziyalıları və başbilənləri buna imkan verməməlidir. Azərbaycanın müstəqilliyi bizim üçün ən müqəddəs dəyər olmalıdır. Hər birimiz canımız, qanımız bahasına da olsa Azərbaycanın müstəqilliyini qoruyub saxlamalıyıq”.

Deputat həmçinin qeyd edib ki, hazırda dünyada çox ciddi siyasi proseslər gedir:

“Donald Trampın ABŞ prezidenti seçilməsi müəyyən təlatümlər yaradıb. Hazırda Donald Trampın verdiyi bir sıra qərarlar dünyada etirazlarla qarşılanır. Bundan istifadə edən bir sıra dövlətlər isə öz maraqlarına uyğun olaraq addımlar atmağı düşünürlər. Vladimir Jirinovskinin Dağlıq Qarabağla bağlı son fikirləri də bu maraqlara söykənir. Jirnovski Rusiyanın Azərbaycan, Ukrayna, Gürcüstan və Baltikayanı dövlətlərlə bağlı maraqlarını bəyan edib. Ancaq bütün bunlar yalnız boş xəyallardır. Bunların reallaşması mümkün olan məsələ deyil. Keçmiş SSRİ üzvü olan dövlətlər öz müstəqilliklərini qanla qazanıblar. Azərbaycan xalqı 20 yanvar hadisələrini unutmayıb. Digər tərəfdən isə müstəqil Azərbaycanın prezidentləri – Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyev ölkəmizin və xalqımızın milli maraqlarını daim ön planda tutublar. Ötən 25 ildə Azərbaycanda görülən işlərin hamısı müstəqilliyimizin möhkəmləndirilməsi üçün atılan müsbət addımlardır”.

V.Əhmədov Azərbaycanda mövcud olan sabitliyin bir sıra dövlətləri ciddi narahat etdiyini söyləyib:

“Çox təəssüf ki, Azərbaycanda mövcud olan sabitlik və nəhəng layihələrin həyata keçirilməsi bir sıra dövlətləri qane etmir. Həmin dövlətlər Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu gün dünyada iqtisadi və hərbi-siyasi böhranlar baş verir. Ancaq Azərbaycan nə qədər çətin olsa da, bu böhranlar içərisində sabit qalmağı bacarıb. Bütün bunlar da bəzi dövlətləri ciddi narahat edir. Ona görə də Vladimir Jirinovski və digər siyasətçilər Azərbaycanla bağlı müəyyən fikirlər səsləndirir”.

İnterpress.az