İnterpress.az-ın məlumatına görə, Modern.az saytında iqtisadçılarla bağlı sorğu keçirilməkdədir. 10 iqtisadçının yer aldığı sorğuda respondentlərdən hansı iqtisadçının proqnozlarına güvəndikləri soruşulur. Hazırkı göstəricilərə görə, sorğuda iştirak edən vətəndaşların 50,6%-i Vahid Əhmədovun, 31,1%i isə Qubad İbadoğlunun adı üzərində dayanıb. 4,54% səslə Şahin Mustafayev üçüncü, 3,24% səslə isə Əli Məsimli dördüncü sırada qərarlaşmaqdadır.
Məlumat üşün qeyd edək ki, son illər Azərbaycanda həyata keçirilən sorğulara etimad əhəmiyyətli dərəcədə azalıb ki, buna səbəb sorğu nəticələrinin çox zaman mövcud ictimai rəyi özündə obyektiv şəkildə əks etdirməməsi, nəticə ilə reallıq arasında olduqca böyük təzadın olmasıdır. Məhz bu səbəbdən də ölkəmizdə keçirilən sosial sorğuların nəticəsi çox zaman vətəndaşlar tərəfindən etibarlı hesab edilmir. Lakin sevindirici haldır ki, Modern.az saytında keçirilən məlum sorğunun nəticələri ictimai rəylə demək olar ki, tamamilə üst-üstə düşür.
Niyə məhz Vahid Əhmədov və Qubad İbadoğlu?
İctimai rəyin niyə daha çox Vahid Əhmədov və Qubad İbadoğluna, onların verdiyi proqnoz və təhlillərə etibar etməsinə gəlincə, bunun bir neçə səbəbi mövcuddur. Bu səbəblərdən ən birincisi hər iki ekspertin iqtisadi durumu sırf iqtisadi reallıqlar çərçivəsində, iqtisadi qanunauyğunluğa uyğun şəkildə təhlil etməsidir. Başqa sözlə desək, sözügedən ekspertlərin hər ikisi iqtisadi təhlil və proqnozlar zamanı bəzilərindən fərqli olaraq, problemə siyasi motivdən yanaşmır, mövcud reallığı pafoslu açıqlamalar, əsassız optimizm ilə süsləməyə çalışmırlar. Onların təhlillərində hər hansı iqtisadi problemə ən xırda detalına kimi nəzər yetirən, bu problemi dəqiq, əhatəli və qüsursuz şəkildə təhlil edən əsl peşəkarlıq nümunəsi özünü əks etdirir.
Dəqiq koordinatlar və 100% reallaşan proqnozlar
Adıçəkilən ekspertlərin ictimai rəydə yüksək güvən və etibarlılıq qazanmasının digər bir səbəbi isə onların verdiyi proqnozların demək olar ki, tamamilə özünü doğrultması, öz təsdiqini tapmasıdır. Təkcə onu demək kifayətdir ki, manatın devalvasiya və mövcud iqtisadi böhranla bağlı hər iki ekspert məlum olaylardan xeyli müddət öncə, konkret fakt və qanunauyğunluqlara istinadən xəbərdarlıqlar etmiş, proqnozlar səsləndirmişdir. Hansı ki, bu proqnozların hamısı bəlli bir müddətdən sonra özünü təsdiqlədi. Ekspertlərin iqtisadi inkişaf tempi, manatın və neftin taleyi, qeyri-neft sektorunun vəziyyəti, bu vəziyyətin necə və hansı şəkildə dəyişcəyi ilə bağlı verdiyi koordinatların doğruluğu zamanla öz təsdiqini tapdı. Və beləliklə də, ictimaiyyət adıçəkilən ekspertlərə etibar etməkdə səhv etmədiyinə şahid oldu.
Düzgün istiqamətləndirilən ictimai rəy və güvənilən beyin mərkəzləri
Məlumat üçün qeyd edək ki, Azərbaycanda sosial sorğular və onların nəticəsinə bütövlükdə bir inamsızlıq olsa da, dünyanın bütün qabaqcıl dövlətlərində bu sorğulara mühüm önəm verilir. Bu cür sorğular güvənilən beyin mərkəzlərinin müəyyən edilməsinə, ictimai rəyin necə və hansı istiqamətdə formalaşdığının aşkara çıxarılmasına yardım edir. Obyektiv keçirilən sorğuların nəticəsi bu sorğulara maraq və güvəni artırmaqla yanaşı, vətəndaşların ictimai-siyasi aktiliyinin də yüksəlməsinə səbəb olur. Bu baxımdan Modern.az saytında keçirilən məlum sorğu və bu qəbildən olan digər sorğuların mühüm əhəmiyyət kəsb etdiyi şübhəsizdir. Ümid edirik ki, bu təcrübə yaxın gələcəkdə daha da təkmilləşəcək və ölkəmizdə istisnasız olaraq hər kəsin etibar etdiyi sorğu mərkəzlərinin formalaşmasına səbəb olacaqdır.
İnterpress.az