Rusiyada gürcü “qanuni oğru”nun türmə məscidinə hücum edərək namaz qılanları döydürməsi dünyanın müxtəlif ölkələrində kriminal klanlar arasında gərginlik yaranmasına səbəb olub.
İnterpress.az xəbər verir ki, söhbət Tuvadakı cəzaçəkmə müəssisələrindən birində yenicə “qanuni oğru” elan edilmiş Ruslan Geqeçkori ilə bir qrup qafqazlı arasındakı kütləvi davadan gedir. Narkotik maddələrin saxlanmasına görə cəza çəkən Ruslan Geqeçkori 1987-ci ildə Gürcüstanın Zuqdudi şəhərində anadan olub. “Cinayətkar Rusiya” portalının verdiyi məlumata görə, hazırda Ukrayna vətəndaşı olduğu deyilən Ruslanın babası Noy Geqeçkori, eləcə də atası Roland(“Şlyapa”) da “qanuni oğru” olub. Ruslan Geqeçkori vaxtilə yezidi kürd mənşəli “Ded Xasan” ləqəbli Aslan Usoyanın himayəsi altında olan klanın üzvü olub.
“Ded Xasan”ın ölümündən sonra Gela Kardava(“Gela”) və Merab Mzareluanın(“Duyake”) da daxil olduğu klan fəallaşıb. Ata və babasının da nüfuzundan istifadə edən Ruslan kriminal aləmdə “Şlyapa mladşiy” adı ilə məşhurlaşıb. “Şlyapa mladşiy” Tuva həbsxanasına gətiriləndə yerli çeçen və Dağıstan klanı onu avtoritet kimi qəbul edib. Lakin Ruslanın öz nümayəndəsi olaraq məhbusların etimad etmədiyi adamı seçməsi digərlərinin narazılığına səbəb olub. Nəticədə qarşıdurma yaranıb. Buna cavab olaraq Ruslan Çeçen və dağıstanlı avtoritetləri söyüb və bununla kifayətlənməyərək millətlərinin da ünvanına təhqiramiz ifadələr işlədib. Bundan qəzəblənən çeçenlər Ruslanı bıçaqla vurublar. Xəsarəti yüngül olan “Şlyapa mladşiy” 20 nəfər toplayaraq türmə məscidinə basqın edərək məkanı dağıdıb. Və orada ibadət edən 8 çeçen və dağıstanlını döydürüb. Çeçenlər isə bunun heyfini təkcə Ruslandan yox, həm də atası, “qanuni oğru” Roland Geqeçkoridən alacaqlarını vəd ediblər.
İndi Rolandı dəstəkləyən klanlara qarşı çeçen mafiyası da cəbhə açıb. Məlumata görə, Qeqeçkorinin həbsxana məscidini dağıtması və sələfi məhbusları döyməsi Rusiyanın müsəlman icmasını da qəzəbinə səbəb olub. İcmanın nüfuzlu nümayəndələri bu təhqirə görə “qanuni oğru”dan qisas alınmasına qərar veriblər.
Cebhe.infonun yaydığı digər məlumata görə, Çeçenistan və Dağıstanın tanınmış iş adamları, eləcə də Rusiya sələfilərinin təmsilçiləri bu günlərdə Moskvanın “Sadovod” sərgi kompleksindəki kafelərdən birində toplanaraq məsələni müzakirə ediblər. Toplantıya qatılan və “Həbsxana xilafəti” ilə sıx əlaqələri olan Şimali Qafqaz, Azərbaycan, Orta Asiya sələfilərinin rəhbərləri Geqeçkori ilə bandasına ölüm hökmü kəsiblər.
Onu da xatırladaq ki, İrəvandakı son ”sxodka”dan sonra “Şlyapa mladşinin” və atası Rolandın da daxul olduğu klanla digər məşhur avtoritet “Çakro molodoy”(Zaxar Kalaşov) arasında anlaşılmazlıq baş verdiyindən “Gela” və “Duyake” Rusiyada görünmürlər. Vaxtlarını əsasən Türkiyə və Kiprdə keçirir, hərdən Ukraynaya gəlirlər. Ancaq çeçen mafiyası bu ölkələrdəki diaspor üzvlərinin də köməyindən istifadə etməklə çeçen millətini təhqir edən şəxsi və ona himayədarlıq edənlərin cəzalandırılacağını bildirib. Sözügedən insidentdən ehtiyatlanan Rusiya hüquq-mühafizə orqanları Moskvanın kriminallarla sələfilər arasında toqquşmaların baş verə biləcəyi rayonlarında nəzarət tədbirlərini gücləndiriblər. (moderator.az)
İnterpress.az