Vilayətdə oktyabrın 1-də keçirilmiş qanunsuz referendumda bölgənin müstəqil dövlət elan olunmasına səs verilib. Bunu əsas tutan Kataloniya parlamenti oktyabrın 27-də müstəqillik qətnaməsi qəbul edib. Oktyabrın 28-də rəsmi Madrid Kataloniya hökumətini və parlamentini buraxıb, idarəçilik səlahiyyətlərinin mərkəzi orqanlara ötürülməsi, dekabrın 21-də vilayətdə yeni parlament seçkisinin keçirilməsi barədə qərar çıxarılıb.
Kataloniya hakimiyyətində yer almış bir neçə nəfər hazırda həbsdədir. Onlara üsyan və qiyam təşkili, vəzifə səlahiyyətlərindən sui-istifadə, hakimiyyət orqanlarına tabe olmamaq, dövlət vəsaitini mənimsəmə ittihamları irəli sürülüb. Hökumətin başçısı olmuş Karles Puçdemont oktyabrın 30-dan Belçikanın paytaxtı Brüsselə sığınıb.
Novator.az-ın məlumatına görə, 21 dekabr seçkisinə qatılan blokların üçü Kataloniyanın müstəqilliyinə tərəfdardır. “Birlikdə Kataloniya uğrunda” blokunun başında Karles Puçdemont dayanır. Solçu Respublikaçılar Partiyasına Kataloniya hökumətində Karles Puçdemontun müavini olmuş Oriol Junkeras rəhbərlik edir. Hazırda o, həbsdədir. İfrat solçu “Xalq birliyi” bloku da Kataloniyanın İspaniyadan ayrılmasına tərəfdardır.
Xalq Partiyası, Vətəndaşlar Partiyası, Sosialist Partiyası və Podemos Partiyası Kataloniyanın İspaniyanın tərkibində qalmasını istəyir.
Bölgənin nizamnaməsinə görə, Kataloniya parlamenti ən azı 100, ən çoxu 150 nəfərdən ibarət ola bilər. Oktyabr ayında buraxılmış parlamentin 135 üzvü olub.
İnterpress.az