Almaniya polisi insident çıxardığı deyilən Azərbaycan ailəsi ilə bağlı yaydığı məlumata düzəliş edib. “WDR1” saytının yaydığı yeni məlumatda deyilir ki, Güterslohdakı azərbaycanlı ailə kimisə girov götürməyib, kimisə təhdid etməyib.
Hadisə yanvarın 18-də baş verib. İlkin məlumatda bildirilirdi ki, bir neçə dəfə ölkə sərhədlərini pozaraq Almaniyaya girmiş ailənin deportasiyasına qərar verilib. Qərarla razılaşmayan ailə onları yataqxanadan çıxarmağa gələn işçi qrupuna qarşı çıxıb. Ölkəni tərk etmək istəməyən ailənin başçısı polisin silahını alaraq bir neçə dəfə göyə atəş açıb. O, Miqrasiya Xidmətinin və Təhlükəsizlik Xidmətinin əməkdaşlarını girov götürüb. Polis isə hadisə yerindən qaçıb. Hadisə zamanı intihara cəhd edən evin xanımı da bıçaqla özünü yaralayıb.
Xüsusi təyinatlı qrupun müdaxiləsi ilə ailə zərərsizləşdirilib.
Məlumatda o da deyilirdi ki, qadın xəstəxanaya yerləşdirilib, kişi isə həbs edilib. Bundan başqa, girov götürülmüş şəxslərə psixoloji yardım edilir.
İnterpress.az