Beynəlxalq Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, yer kürəsində 1,7 milyard insan artıq çəkidən əziyyət çəkir və proqnoza görə 2025-ci ildə patoloji piylənmə ilə xəstə olanların sayının 2 dəfə artması ehtimal olunur.
Bununla bağlı Ailem.az-a danışan tibb üzrə fəlsəfə doktoru, ATU-nun Tədris Cərrahiyyə Klinikasının II cərrahi xəstəliklər kafedrasının assistenti, bariatrik cərrah Elçin Abdinov deyir ki, morbid piylənmə bir sıra xəstəliklər üçün yüksək risk amilidir. Belə ki, xəstəliyin əhali arasında sürətlə artması, ictimai sağlamlığa təhlükə yaratması və digər xəstəliklər üçün yüksək risk amilinə çevrilməsi morbid piylənmənin aktuallığından xəbər verir: “Bu patologiya metabolik sindromla müştərək olduqda, həyat üçün daha real təhlükə yaradır. Patoloji piylənmə qadın ömrünü 9 il, kişi ömrünü isə 12 il qısaltmış olur, qəfləti ölüm ehtimalını artırır, həyat keyfiyyətini aşağı salır, əmək qabiliyyətini azaltdığından əlillik faizini yüksəldir”.
E. Abdinovun sözlərinə görə, morbid piylənmə bir sıra xəstəliklərin təkanverici amili hesab olunur. Bunlar sırasında aşağıdakıları qeyd etmək olar: \”Ürək-damar sistemi xəstəlikləri içərisində insan həyatı üçün daha çox təhlükə yaradan ürək çatışmazlığının inkişafında da morbid piylənmənin rolu danılmazdır. Eyni zamanda tromboemboliya, venaların varikoz genişlənməsində də morbid piylənmə vacib rol oynayır. Tənəffüs sistemində morbid piylənmənin nəticəsi olaraq təngnəfəslik, ağır hallarda isə tənəffüs çatmazlığı, yuxu apnoesi, astma inkişaf edir.
Mədə bağırsaq sisteminin bir sıra geniş yayılmış xəstəliklərinin, o cümlədən qastroezofaqeal reflyuks, qıcıqlanmış bağırsaq sindromu, qaraciyərin qeyri alkoqol piylənməsi və s. genezində morbid piylənmə vacib rol oynayır.
İnterpress.az