Deyirlər zaman əlacdır. Zaman. Zaman dedikdə ağla ilk gələn nədir? Zaman dayanmır, zamanı durdurmaq olmaz , zamana çatmaq olmaz, zaman elə zamandır.
Deyirlər zaman əlacdır. Kimisə itirirsən ağlıyırsan sızlayırsan, deyirlər zamanla keçər. Xəstələnirsən, yıxılıb qolunu qıçını sındırırsan, deyirlər zamanla keçər. İşin düz getmir hansısa sahədə geriliyirsən deyirlər zamanla keçər. Evləndirirlər, kimlərinsə hansısa keyf məclisində kefli halda verdikləri sözə görə, sevmirsən, deyirlər zamanla sevərsən. Problemlərin var, Çarəsiz vəziyyətdəsən ilk və son gələn deyir narahat olma zamanla keçər. Bəli gördüyümüz kimi zaman əlacdır. Bir neçə gün öncə Laçınsızlığımızın 26 illiyini andıq. 26 il böyuk zaman, bir igidin ömrü.
Biz artıq Qarabağsız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız, Cəbrayılsız, Qubadlısız, Zəngilansız, Fizulisiz bir zaman keçiririk. Sizcə bu zaman əlacdır yoxsa dərddir? Sizcə bu zaman bizim xeyrimizə, yoxsa əleyhimizə çalışır?
İstəmirik bu cür əlacı! İstəmirik bu cür məlhəmi! İstəmirik bizim əlehimizə çalışan bu zamanı! Biz bu zamanı Qarabağla, itirdiklərimiz Rayonlarla birlikdə istiyirik. Bizim bu yaranı unutduracaq zamana, məlhəmə, təsəlliyə ehtiyacımız yoxdur. Bu zaman artıq bizim əlehimizə çalışır. Bu zaman ki, bizə Qarabağı, rayonlarımızı unutdurur istəmirəm bu zamanı. Bu zaman ki bizim bəzi gənclərimizə qan yaddaşımızı unutdurur, istəmirəm bu zamanı.
Bu yaxınlarda Kəpəz dağının döşündə gəzərkən Xarıbülbül çiçəyinə rast gəldim. İnanmadım ki, bu Xarıbülbül ola. Sordum soruşdurdum dedilər Xarıbülbüldür əvəllər olmazdı buralarda. Bəli olmazdı bizdə bilirdik ki, olmazdı. Vətən bağı al əlvanda olsa yox içində Xarıbülbül. Onda mənə dedilər ki Xarıbülbül bizdən küssə də bizə sadiq oldu, bizə gəldi. Şuşada qalmadı, şuşalılara gəldi. Gəldi ki, məni unutmuyun, gəldi ki, məni qaytarın Şuşaya, gəldi ki, mən sizsiz dura bilmirəm. Deməli əsas məsələ bizdədir.
Bəli, Qarabağ bizə gəlməyəcək, biz Qarabağa gedəcəyik.
Amma necə gedəcəyik? Bir qəhraman kimi yoxsa bir turist kimi? Hər halda gedəcəyik, amma, necə?
Biz Qarabağa ancaq qəhraman kimi getməliyik, biz Qarabağa qələbə qazanaraq getməliyik, biz Qarabağa, qarabağlıları ora qaytarmaq üçün getməliyik. Bəli, biz Qarabağa getməliyik. Bizim başqa şansımız yoxdur. Bəli bu zaman artıq yetişib, bu zaman artıq qapılarımızın astanasındadır. Bəli artıq o zamandır.
Azər Verdiyev
QALİB-in sədri