\”Azercell Telecom\” MMC-nin bu gün bəzi kütləvi informasiya vasitələri üçün təşkil etdiyi səhər yeməyi ZƏHƏR YEMƏYİnə çevrilib.
Interpress.az xəbər verir ki,bu barədə AzNews.az xəbər portalına tədbir iştirakçılarından biri məlumat verib.
Tədbir iştirakçısının sözlərinə görə, \”Gündəlik Teleqraf\” Media Qrupunun rəhbəri Aynur Camalqızı \”Azercell\” kütləvi informasiya vasitələri ilə əlaqələrini doğru qurmamaqda, eyni zamanda müştərilərinin hüquqlarını pozmaqda ittiham edib:
\”Harada görsənib ki, şirkət öz müştərilərini hədələsin? Harada görünüb ki, şirkət öz müştərilərinə məmnunluq əvəzinə gərginlik, stress gətirsin? Bu nə münasibətdir, bu nə biabırçılıqdır?\”
ynur Camalqızı konkret misal olaraq Azercell tərəfindən abunə haqqı tutulması ilə bağlı şirkətin müştərilərə göndərdiyi SMS-lərdə onları məhkəmə ilə hədələnməsini göstərib.
Bundan başqa, \”Azercell\”in bu gün təşkil etdiyi səhər yeməyinə adı Mətbuat Şurasının \”qara siyahısı\”nda yer alan saytların dəvət olunması da etiraza səbəb olub. Bir neçə Baş redaktor \”reket jurnalist\” kimi tanınanlarla eyni masa arxasında oturmağı özünə təhqir hesab edərək məclisi tərk edib.
Xatırladaq ki, bu gün AzNews.az portalı \”Azercell Telekom\” MMC ilə reklam tərəfdaşlığını birtərəfli qaydada dayandırmaq barədə açıqlama yayıb:
AzNews.az xəbər portalı \”Azercell\” mobil rabitə şirkəti ilə əməkdaşlıqdan və reklam tərəfdaşlığından 01.01.2019-cu il tarixdən etibarən birtərəfli qaydada imtina edir.
Bu barədə portalın Baş redaktoru Taleh Şahsuvarlı məlumat verib.
Baş redaktor bildirib ki, əvvəla \”Azercell\” şirkətinin reklam və press-relizlər üçün redaksiyaya ödənişi çox azdır və real bazar qiymətlərinə uyğun deyil:
\”Qəpik-quruş qarşısında hər ay xeyli press reliz göndərir və yayımlamamızı istəyirlər. Biz heç kimin qulu deyilik. Biz bu məbləği həm özümüzə, həm də bütövlükdə Azərbaycan jurnalistikasına hörmətsizlik kimi qəbul edirik. Digər tərəfdən \”reklam tərəfdaşıyıq\” deyə həmin cüzi məbləğ qarşılığında \”Azercell\”-lə bağlı tənqidi materialların yayımlanmasına etiraz edirlər. Bizə heç kim belə şərt qoya bilməz. Bu şirkətdən redaksiyaya həddən çox narazılıq daxil olur, bu narazılıqları yayımlamayanda oxucularımız qarşısında bir KİV olaraq mötəbərliyimizi itiririk. Qurama kombinasıyalarla vətəndaşları soyur, mediaya \”sus haqqı\” göndərirlər. Başlarına dəysin onların qəpik- quruşu, bizim belə pula ehtiyacımız yoxdur. Aznews.az üçün oxucuların güvəni əsasdır. Nəhayət, bu qurumdan heç kimi tapa bilmirik. Təsəvvür edin, Azərbaycanda istənilən nazirin qəbuluna düşmək daha asandır, nəinki \”Azercell\”in marketinq, reklam və PR işlərinə məsul olan şəxslərinin. Şirkətə zəng edirsən, calaşmaq mümkün deyil. Bu cür diletantlarla işləməyi özümüzə rəva görmürük. Getsinlər, \”reket media\” ilə əməkdaşlıq etsinlər\”.
Bundan başqa, \”Azercell\”in öz tədbirlərinə adı Mətbuat Şurasının \”qara siyahı\”sında yer alan \”jurnalistləri\” dəvət etməsinə də Mətbuat Şurası tərəfindən mənfi reaksiya bildirilib.
Məsələ ilə bağlı Mətbuat Şurasının sədr müavini Müsfiq Ələsgərli bildirib ki, ölkədə reket saytlar, bu saytlarda çalışan jurnalistlər və problemli KİV mövcuddur:
“Mətbuat Şurasının vəzifəsi onları ifşa etmək, adlarını ictimailəşdirməkdir. Onlara qarşı mübarizə aparır, onlardan olan şikayətləri tapıb adlarını cəmiyyətə açıqlayırıq. Eyni zamanda Mətbuat Şurasının saytında “Qara siyahı”da olanların adları var. Ona görə bunları ictimailəşdirib, sayta yerləşdiririk ki, müxtəlif qurumlar kimlərlə işləyəcəklərini müəyyən edə bilsinlər. Əslində hansı qurumların ki, mətbuat xidmətləri normal işləyir, onlar siyahıya baxır, buna diqqət edir, ictimai rəyi nəzərə alırlar. Mətbuat xidməti zəif olan qurumlar isə nə siyahılara, nə də digər məqamlara nəzər yetirirlər\”.
M.Ələsgərli əlavə edib ki, hər ay MŞ-nın pres-relizlərində reket saytların adlarını çəkirlər:
“Normal qurumlar normal KİV-lə işləyir. Kimlərsə normal işləmirsə, onlar da neqativ saytları seçirlər. Yaxşı olar ki, hamısı ictimai rəyi nəzərə alsınlar. MŞ-nın ictimailəşdirdiyi, qara siyahıya saldığı, ictimai qınağa tutduğu saytlarla ehtiyatlı davransınlar. Özlərinə partnyor seçəndə diqqətli olsunlar”. (AzNews.az)


Interpress.az