Aİ 5 ölkənin Ukraynadan taxıl idxalına qoyduğu məhdudiyyətləri uzadıbbackend

Aİ 5 ölkənin Ukraynadan taxıl idxalına qoyduğu məhdudiyyətləri uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstan tərəfindən Ukraynadan taxıl məhsullarının idxalına qoyulan məhdudiyyəti sentyabrın 15-dək uzadıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Aİ Komissiyası Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı qəbul edilən yeni qərarları açıqlayıb.

Müvafiq olaraq, Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan idxalı üçün mayın 2-də Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstan üçün qüvvəyə minən və bu gün başa çatan müstəsna və müvəqqəti tədbirlər sentyabrın 15-dək davam edəcək.

Bu prosesdə 5 ölkə Ukrayna taxılının digər Aİ-yə üzv ölkələrə daşınmasının qarşısını almaq üçün heç bir tədbir görməyəcək.

Bu ölkələr biçin mövsümünə qədər ciddi logistik darboğazlar və məhdud taxıl anbar imkanları səbəbindən Ukrayna taxılına məhdudiyyətlərin davam etdirilməsini tələb ediblər.

Rusiya-Ukrayna müharibəsinin başlamasından və uzun müddət Qara dəniz limanlarından yüklərin daşınmasının mümkün olmamasından sonra Ukrayna taxıl və ərzaq məhsullarının əhəmiyyətli bir hissəsi qurudan Şərqi və Mərkəzi Avropa ölkələrinə göndərilməyə başlanıb.

Ukraynadan böyük miqdarda kənd təsərrüfatı məhsulları sərhədyanı ölkələrin Polşa, Macarıstan, Rumıniya, Slovakiya və Bolqarıstan bazarlarına daxil olub. Nisbətən ucuz Ukrayna taxıl və ərzaq məhsulları bu ölkələrin istehsalçılarını narahat edib.

Region ölkələrində fermerlər uzun müddətdir ki, Ukraynadan ucuz kənd təsərrüfatı məhsullarına son qoyulmasını tələb edirlər. Bu ölkələr aprel ayında Ukraynadan taxıl və ərzaq məhsullarına müvəqqəti qadağa qoymaq qərarına gəliblər.

Aİ Komissiyası həmçinin Ukraynadan taxıl idxalına qadağa qoyan, məhsulların tranzitinə icazə verildiyi təqdirdə fermerlərə əlavə dəstək verən və bəzi Ukrayna məhsullarına məhdudiyyətlər tətbiq edən ölkələrin narahatlıqlarını aradan qaldırmaq üçün plan hazırlayıb. Beləliklə, Ukrayna taxılının digər ölkələrə daşınması davam etdirilib.