Avropa İttifaqı (Aİ) Talibanın Əfqanıstanda qadınların Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə işləməsinə qadağa qoymasını pisləyib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, əvvəlki oxşar qadağalardan sonra qəbul edilən bu qərar qadınların və qızların vəziyyətini pisləşdirir və beynəlxalq humanitar hüququ pozur.
Talibanın bu qərarını pislədiklərini qeyd edən Borrel, əhalinin təxminən üçdə ikisini təşkil edən 28 milyon insanın humanitar yardıma ehtiyacı olduğu ölkədə iqtisadi və humanitar böhranın pik həddə çatdığını bildirib.
Borrell Talibanı qərardan əl çəkməyə çağırıb və qadınlara və qızlara bərabər təhsil hüququ və cəmiyyətin digər sahələrində iştirak etmək hüququ verilməsini və Talibanın insan hüquqlarına hörmətlə bağlı verdiyi vədlərə əməl etməsini tələb edib.