Arif Abdullayev: “MDB Oyunlarında neçə medal qazanacağımızı deyə bilmərəm”backend

Arif Abdullayev: “MDB Oyunlarında neçə medal qazanacağımızı deyə bilmərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda yığma Xaçmaz Olimpiya Kompleksində təlim-məşq toplanışını davam etdirir. Avqustun 18-də start götürən hazırlıq prosesi avqustun 28-də başa çatacaq. Əsasən taktiki-texniki hazırlıq üzərində işləyirik”.

Bunu “Report”a açıqlamasında 23 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Arif Abdullayev Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarına hazırlıq barədə danışarkən deyib.

53 yaşlı mütəxəssis hələlik tam heyətin açıqlanmadığını bildirib: “Təlim-məşq toplanışından sonra yarışa yollanacaq 10 güləşçinin adı dəqiqləşəcək. İki idmançımız Dağıstanda hazırlıq keçir. Gənclər və İdman Nazirliyinin açıqladığı siyahıda dəyişiklik ola bilər”.

Abdullayev ilk dəfə təşkil olunacaq MDB Oyunlarındakı əsas hədəflərini açıqlayıb: “Əslində yarış ötən il olmalı idi. Pandemiya ilə əlaqədar bu ilə təxirə salındı. Yığmamız yarışa səylə hazırlaşır. Neçə medal qazanacağımızı əvvəlcədən demək olmaz. Hər şey uşaqların özündən asılıdır. Ümid edirəm ki, yaxşı olacaq, idmançılar öz güclərini ortaya qoyub bayrağımızı qaldıracaq və himnimizi səsləndirəcəklər. Tamamilə buna köklənmişik”.

Qeyd edək ki, I MDB Oyunları 4 – 11 sentyabrda təşkil olunacaq.