Ata və oğulun gizli tunel macərası BAHA BAŞA GƏLDİbackend

Ata və oğulun gizli tunel macərası BAHA BAŞA GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada gizli tunellərə girmək istəyən ata və oğula görə böyük əməliyyat keçirilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Almaniyanın Türingiya əyalətində polis genişmiqyaslı əməliyyat keçirib.

Belə ki, 50 yaşlı kişi və onun 19 yaşlı oğlu keçmiş nasist düşərgəsinin — Dora-Mittelbau memorial kompleksinin qapalı yeraltı tunellərinə qanunsuz daxil olmağa cəhd edib. Bu tunellərdə vaxtilə 60 mindən çox əsir ağır şəraitdə işlədilib.

Kişi planını keçmiş həyat yoldaşına danışıb, o isə onların həyatından narahat olaraq polisə məlumat verib.

Polis mümkün faciə ssenarisi nəzərə alınaraq itlərlə quru patrulları, helikopter və əlavə qüvvələr göndərib. Lakin məlum olub ki, ata və oğul tunellərə daxil olmağa belə macal tapmayıblar. Əməliyyatın miqyasını görüb gizləniblər və daha sonra qohumları vasitəsilə əlaqə yaradıblar.

İndi onlar xilasetmə əməliyyatının bütün xərclərini ödəmək öhdəliyi ilə yanaşı, qorunan əraziyə icazəsiz girişə görə cinayət məsuliyyəti ilə də üzləşə bilərlər.

Qeyd edək ki, ötən il Saksoniyada 34 yaşlı bir xəzinə axtaran köhnə tuneldə uçqun altında qalaraq həlak olmuşdu və onun meyiti indiyədək çıxarıla bilməyib.

Xuraman Etibarlı

İnterpress.az