Avstraliya İsrail-Fələstin münaqişəsi nəticəsində Yaxın Şərqdə “təhlükəsizlik vəziyyətinin qeyri-sabitliyi” səbəbindən bölgəyə əlavə qoşun və təyyarə göndərəcəyini açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. ABC News-un məlumatına görə, Avstraliyanın müdafiə naziri Riçard Marles verdiyi açıqlamada Yaxın Şərqə göndəriləcək hərbi dəstəyin “ehtiyat məqsədləri üçün” olduğunu bildirib.
Marles, bölgədəki “qeyri-sabit təhlükəsizlik vəziyyəti” nəticəsində Yaxın Şərqə Avstraliya Müdafiə Qüvvələrinin (ADF) “əhəmiyyətli sayda” əsgəri və Kral Avstraliya Hərbi Hava Qüvvələrindən (RAAF) 2 təyyarənin göndəriləcəyini açıqladı. İsrail-Fələstin münaqişəsi və “təhlükəsizlik narahatlıqları” səbəbiylə əsgərlərin tam tərkibdə Yaxın Şərqə göndəriləcəyini əlavə edib. O, hara dislokasiya olunacağı ilə bağlı ətraflı məlumat verməyib. Avstraliyanın xarici işlər naziri Penny Wong X sosial media hesabında verdiyi açıqlamada Qəzza zolağına humanitar yardımın çatması üçün “humanitar atəşkəs” çağırıb və Fələstinlilərə qida, su, dərman və təhlükəsiz keçid kimi əsas ehtiyacların təmin edilməsi lazım olduğunu bildirib.
Fələstinlilərin yaşadığı “ağır humanitar vəziyyət”lə bağlı narahatlığını dilə gətirən Vonq blokadada olan Qəzza zolağına çatan humanitar yardımın “kafi olmadığını” qeyd edib.
“Biz davamlı olaraq humanitar yardıma təhlükəsiz, maneəsiz, davamlı çıxış və mülki şəxslər üçün təhlükəsiz keçid çağırışı etdik. Son günlərdə giriş təmin edildi, lakin bu kifayət deyil” – əlavə edib.