Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da gücləndirilməsidir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illərdə daha da möhkəmlənib.

İki dost, qardaş, müttəfiq ölkənin əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir.
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində iki ölkə arasındakı siyasi münasibətlərin iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşdiyini bildirib.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına inteqrasiyası, sadəcə, diplomatik hadisə deyil, genişmiqyaslı geosiyasi transformasiyanın tərkib hissəsidir. Bu proses yalnız “C5+1” platformasının coğrafi genişlənməsi deyil, bütövlükdə Avrasiya məkanında nəqliyyat, enerji və siyasi konfiqurasiyanın yenidən qurulmasıdır.
Azərbaycanın bu prosesə daxil olması regionu dağınıq marşrutlar məcmusundan vahid və əlaqələndirilmiş geoiqtisadi sistemə keçidini təmin edən həlledici mərhələdir.
Dövlət başçısı müsahibəsində vurğulayıb ki, bu platforma çərçivəsində yaradılmış dialoq və əməkdaşlıq mexanizmləri təkcə dövlətlərarası münasibətlərin inkişafına deyil, həm də Avrasiya məkanında sülhün, sabitliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir. “C6+1” modeli yalnız diplomatik platforma deyil, həm də qlobal təchizat zəncirlərinin yenidən qurulduğu dövrdə yeni geoiqtisadi düzənin və uzunmüddətli regional sabitliyin təməlidir.
Bu model region ölkələrinə ənənəvi güc mərkəzləri qarşısında daha balanslı və müstəqil mövqe tutmaq imkanı yaradır. Gələcəkdə daha geniş regional bloklaşmaların əsasını qoya biləcək bu format nəqliyyat, enerji və rəqəmsal layihələrin vahid çərçivədə idarə olunmasına şərait yaradır.
Eyni zamanda, proses ölkələr arasındakı iqtisadi asılılığı dərinləşdirərək “inteqrasiya vasitəsilə sabitlik” prinsipini real müstəviyə keçirir və potensial münaqişə risklərini azaldır. Azərbaycan strateji, diplomatik və iqtisadi faydalar əldə edir, beynəlxalq mövqeyinin gücləndirir.
Beləliklə, Azərbaycanın “C6+1” formatına inteqrasiyası regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas faktor kimi çıxış edir. Ölkəmiz strateji, diplomatik və iqtisadi dividendlər əldə etməklə yanaşı, beynəlxalq mövqeyini daha da gücləndirir. Bu model isə həm cəlbediciliyi, həm də strateji əhəmiyyəti ilə regionun yeni simasını formalaşdırır.






