Azərbaycan Demokrat Firqəsi milli hərəkatın iştirakçılarına muraciət ünvanlayıb və bəyanat yayıb.
İnterpress.az xəbər verir ki, məlumatda deyilir:
“Son günlər Güney Azərbaycan milli hərakatının qiymətli mənsubları arasında süni gündəmlərə diqqətlər artıb və müxtəlif iddialarla milli hərəkatın mənsubları haqqında müzakirələr genişlənib.
ADF Siyasi heyəti bütün siyasi və mədəni ictimaiyyətin təkrar-təkrar nəzərinə çatdırır ki, Azərbaycan xalqı “Azadlıq, Ədalət, Milli hökumət” şuarından irəli gələn vəzifələrdən kənar heç bir təmsilçiliyə və “macəralı fəaliyyətə” mandat verməyib və bu xəttdən kənara çıxan fəaliyyəti qəbul etməyəcək.
Bununla yanaşı da kiçik hadisələri böyük siyasi xəyanətə çevirmək, ailə daxili söhbətləri ictimailəşdirmək, məişət düşüncəsini qloballaşdırmaq kimi davranışlardan qorunmağa, uzaq olmaga çagırırıq. Milli hərəkatın qiymətli mənsublarını hər fürsətdə ləkələmək, gözdən salmaq, ifşa etmək, “milçəyi filə çevirmək” kimi davranışlar milli maraqlara xidmət etmir. Siyasi mədəniyyətimizin yüksəldilməsinə diqqət etməliyik.
Azərbaycan Demokrat Firqəsi pəhləvilərlə, mücahidlər və Güney Azərbaycanda sosial zəmini, dəstəyi olmayan siyasi qüvvələrlə aparılan hər cür danışıqları lazımsız, ziyanlı, yersiz hesab edir və Milli hərəkatın iştirakçılarını da bu yolda həmrəy olmaga çagırır.
Bu gün Güney Azərbaycanda xalqın arzuları bu kimi ziyanlı mövzulara deyil, Ana dili haqqında müzakirələrə, maarifimizin gələcəyi haqqında söhbətlərə, qurulacaq milli hökumətin siyasi iqtisadi və mədəni modeli haqqında planlarına, müvafiq sahələr üzrə həyata keçirələcək islahatların istiqamətləri, rəşadətli tariximiz, iftixarlı ədəbiyyatımız, qəhrəmanlarımız və istiqlal yolunda şəhid olmuş yoldaşlarımızın əziz xatirələri haqqında bilgilərə daha çox ehtiyacı var. Bu gün insanlarımızın milli maariflənməyə ehtiyacı var.
ADF milli hərəkata xidmət etməyən davranışlardan qorunmağı və hədəfə təmərküzləşməyi əhəmiyyətli hesab edir.
İran molla rejiminin zindanlarından azad olmuş yoldaşlarımızdan biri zindanda ona edilən işgəncələr haqqında danışarkən görkəmli inqilabçı, mərhum Həmid Səfəri həmin yoldaşımızın yaxasından tutaraq demişdi: “Mən sizə demədimmi, bunlar faşıstdirlər???” Düşüncələri faşıst olan siyasi qüvvələrlə əməkdaşlıq və həmrəylik bizə, Azərbaycan türkünə yaraşmaz.
ADF hesab edir ki, Güney Azərbaycanda bizim milli haqlarımızı tanımayan “fars azlıgını” biz də tanımamalıyıq. Azərbaycan xalqının gücü, qüdrəti və qüruru bizdən tələb edir ki, nəinki siyasi təşkilatları, hətta bizi tanımayan dövlətləri belə tanımayaq. Millət olaraq bizim haqlarımızı tanıyan siyasi qüvvələri tanıyırıq və onlarla əməkdaşlıgı düzgün hesab edirik. ADF-nin digər siyasi-milli qüvvələrlə bundan sonrakı bütün istiqamətlər üzrə əməkdaşlığı onların “Azadlıq, Ədalət, Milli hökumət” şuarına munasibətlərindən asılı olaraq həyata keçiriləcəkdir”.