“Son vaxtlar Ermənistan hakimiyyəti çox ciddi böhran yaşayır. Nikol Paşinyanın Baş nazir kimi qarşıya qoyduğu məsələləri icra orqanları yerinə yetirmir. Eyni zamanda, Moskvada imzalanmış üçtərəfli bəyantda öz əksini tapan müddəalar həllini tapmır”.
Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclis üzvü Arzu Nağıyev bildirib.
O, Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsi haqqında danışıb:
“Bu məsələdə problem birbaşa Ermənistan hakimiyyətdə mövcud olan boşluqla bağlıdır. Eyni zamanda, Sarkisyan və Köçəryan kimi siyasətçilərin revanşist ideyaları imkan vermir ki, Ermənistan sülh sazişi imzalasın. Son vaxtlar Rusiyanın xəritələrlə bağlı irəli sürdüyü fikirlər də bu prosesə təsir edir. Lakin Azərbaycan məsələyə yüksək həssaslıqla yanaşır. Son vaxtlar ermənilər tərəfindən atılan ciddi təxribatlara səbrli davranış sərgiləyir”.
Deputat gündəmdə olan digər məsələlərə də toxunub:
“Zəngəzur dəhlizinin açılması, delimitasiya və demarkasiya məsələləri, sülhməramlı qüvvələrin öz funksiyalarını yerinə yetirə bilməməsi, Araik Arutunyanın ətrafında olan tör-töküntülər və s. kimi məsələlər bu gün gündəmdədir. Lakin sülh müqaviləsinin imzalanması bizim üçün əsas prioritet olarq qalır. Ötən gün Ermənistan müdafiə nazirinin dəyişməsi də sübut edir ki, Ermənistanda orduya belə nəzarət edən qüvvələrin səlahiyyəti azalıb. Bütün bunlara baxmayaraq, sülh müqaviləsinin imzalanmasında israrlıyıq. Bu vəziyyət davam etsə, antiterror əməliyyatı belə baş tuta bilər”.