“Azərbaycan-İran münasibətlərində yeni səhifə açılmalıdır”backend

“Azərbaycan-İran münasibətlərində yeni səhifə açılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.

XİN-in mətbuat xidmətindən Bizimyol.info saytına verilən məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin cari vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərli olduğunu və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

​ Azərbaycan Respublikası vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan siyasi analitik Gülsel Səfərovabildirib ki, Azərbaycan və İran XİN başçılarının arasında telefon danışığının baş tutması müsbət hadisədir.

 

Gülsel SəfərovaGülsel Səfərova

 

“Hadisələrin gedişatı onu göstərirdi ki, Azərbaycan və İran münasibətlərində gərginliyin artması, ritorika və əsassız ittihamlar yaxşı heç nə vəd etmir. Və digər tərəfdən, gündəmdə olan məsələlərin qəsdən şişirdilməsi onu deməyə əsas verir ki, İranda bu gərginlikdə maraqlı olan dairələr var və onların proseslərə təsir imkanı yetərincə güclüdür. Burda erməni lobbisinin də rolunu qeyd etmək lazımdır. Lakin mən inanıram ki, İran rəhbərliyində ağıllı, uzaqgörən insanlar da var və onlar Azərbaycanla gərginliyin İran üçün yaxşı heç nə vəd etməyəcəyini yaxşı anlayırlar.​ Düşünürəm ki, bütün amilləri təhlil edərək, Azərbaycan-İran münasibətlərində yeni səhifə açılmalıdır”, – deyə siyasi analitik qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla münasibətlərdə İran diplomatları üç mühüm amili nəzərə almalıdır: “Birincisi odur ki, İran bölgədə təklənməyə doğru gedə bilər, çünki İranın güclü qonşuları olan Türkiyə və Pakistan heç də Azərbaycana qarşı təzyiqlərə etinasız yanaşmayacaqdı. İkincisi isə daxili amildir – 40 milyona yaxın Azərbaycan türkü bu olanlara biganə qala bilməz.​ Üçüncü amil isə odur ki, hətta İranın yaxın tərəfdaşı olan Rusiya belə, Cənubi Qafqazda növbəti gərginlik istəmir və bu gün rəsmi Moskva belə, Azərbaycan və Türkiyə ilə münasibətləri qaydasında saxlamağa, Ermənistan, İran və Gürcüstanın da qatıldığı 3+3 formatını yaratmağa maraq göstərir”.

Gülsel Səfərovanın fikrincə, mütləq tərəflər danışıqlar masasına oturmalıdır: “Lakin bu danışıqlarda Azərbaycan ərazi bütövlüyü , suverenliyi əsas götürülməlidir. Çünki bundan əvvəl baş verənlər, xüsusilə də, Xankəndiyə olan qanunsuz yük daşınmaları suverenliyin pozulması demək idi. Digər tərəfdən, Azərbaycanın xarici siyasətdəki addımları, dövlətlərlə qurduğu əlaqələr hansısa ittihamlar üçün predmet olmamalıdır. Tərəflər arasında yeni səhifənin açılması üçün, bu amillərə nəzər yetirmək lazımdır. Azərbaycan öz dostlarını seçərkən, üçüncü ölkədən icazə almır və əminəm ki, bundan sonra almayacaq”.