Bolqarıstan Ukraynadan günəbaxan idxalını dayandırırbackend

Bolqarıstan Ukraynadan günəbaxan idxalını dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın baş naziri Nikolay Denkov Ukraynadan günəbaxan idxal etməyəcəklərini deyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bolqarıstanda Ukraynadan taxıl və bəzi digər məhsulların idxalına qadağa tələbi ilə etiraz aksiyası keçirən yerli taxıl istehsalçıları və fermerlər baş nazir Denkovun ev sahibliyi etdiyi saatlarla davam edən danışıqlardan sonra hökumətlə müqavilə imzalayıblar.

Taxıl istehsalçıları və digər kənd təsərrüfatı sahələrini təmsil edən 24 təşkilatın nümayəndələri ilə əldə olunan razılaşmadan sonra taxıl istehsalçıları və fermerlər etiraz aksiyalarına son qoyublar.

Ukraynalı həmkarı Denis Şmiqalla görüşəcəyini deyən Denkov bu görüşdə bolqar fermerlərlə əldə olunan razılaşmanın məzmununu çatdıracağını qeyd edib.

Danışıqlarda iştirak edən maliyyə naziri Asen Vasilev kənd təsərrüfatı sektoruna daha əvvəl 75 milyon avro dövlət yardımının edildiyini xatırladaraq, hökumətin əlavə olaraq 32 milyon avro yardım edəcəyini bildirib.

Vasilev dövlətdən bu dəstəyin Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yerli kənd təsərrüfatı sektorunun dəymiş ziyanını ödəmək üçün verildiyini açıqlayıb.

Bu arada fermerlər etiraz aksiyaları çərçivəsində paytaxt Sofiya yaxınlığında gətirdikləri 600-ə yaxın ağır kənd təsərrüfatı maşınını yedəkləməyə başlayıblar.

Bolqarıstanda taxıl istehsalçıları və fermerlər sentyabrın 18-də Ukraynadan günəbaxan, buğda, qarğıdalı və kolza idxalına qoyulan qadağanın götürülməsinə qarşı çıxaraq bütün ölkə boyu etiraz aksiyası keçiriblər.

Fermerlərin iki günlük etiraz aksiyaları çərçivəsində polis paytaxt Sofiyaya gətirdikləri 600-ə yaxın ağır kənd təsərrüfatı maşınını şəhərə gətirməyə icazə verməyib.