Separatçıların Brüssel görüşü ərəfəsində Xankəndində aksiyaya başlamasının iki məqsədi var: Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etiraz etmək;
görüşdə Paşinyanın “əlini gücləndirmək”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, birinci hədəf görüntü xarakteri daşıyır və istisna deyil ki, aksiya qərarını Brüsselə getməmişdən öncə Paşinyan verib:
“Paşinyan Brüsseldə qondarma “Xankəndi-Bakı” formatının və “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmin” yaradılması iddiasında yenidən israr edəcək. Və Laçın postunun açılmasının vacibliyini irəli sürəcək. Xankəndindəki aksiya da Nikola iddialarını əsaslandırmaq üçün lazım olduğu görünür.
Separatçılar bu gün qondarma “xalq hərəkatı”na başladıqlarını deyirlər. Bu, 1988-ci il hadisələrinin təkrarıdır və hələ də hesab edirlər ki, 35 il öncə etdikləri kimi, eyni addımla istədiklərinə nail ola biləcəklər. Lakin indi nə ötən əsrdir, nə Azərbaycan həminki ölkə. Bu gün erməni separatizmini Qarabağda əsgər saxlayan Rusiyanın özü belə qoruya bilmir. Bu baxımdan, qondarma “xalq hərəkatı” heç nəyi dəyişdirməyəcək. Bakının prinsipial mövqeyi davam edir”.