Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva Pakistandan yoxsulları qorumaq üçün varlılardan daha çox vergi tələb edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Geo News televiziyasında yer alan xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Nyu Yorkda olan Pakistan müvəqqəti hökumətinin baş naziri Ənvarul Hak Kakar, BVF sədri Georgieva ilə görüşüb.
Görüşdə Baş nazir Kakar BVF-nin Pakistan iqtisadiyyatına dəstək üçün 3 milyard dollarlıq stand-by razılaşmasını təsdiqləməsindən məmnunluğunu vurğulayıb.
Kakar BVF prezidenti Georgiyevanı ölkə iqtisadiyyatının canlandırılması və sabitləşdirilməsi istiqamətində atılan addımlar barədə məlumatlandırıb.
Bu təşəbbüslərin davamlı iqtisadi artım və investisiya üçün zəruri olan sabit və əlverişli mühiti yaratmaq məqsədi daşıdığına diqqət çəkən Kakar, cəmiyyətin həssas təbəqələrinin qorunmasına böyük diqqət yetirdiklərini bildirib.
Görüşdən sonra özəl televiziya kanalına verdiyi açıqlamada Georgieva Pakistandan yoxsulları qorumaq üçün varlılardan daha çox vergi toplamasını tələb edib.
BVF-nin Rəhbərlər Şurası iyulun 12-də Pakistanın iqtisadi sabitləşdirmə proqramını dəstəkləmək üçün Pakistanla 9 aya aid 3 milyard dollarlıq stand-by sazişini təsdiqləyib.