Cənubi Koreya Şimali Koreyadan qaçanların öz ölkələrindəki nüvə sınaqları zamanı radiasiyaya məruz qala biləcəyi üçün sınaqdan keçiriləcəyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin açıqlamasında Şimali Koreyanın yeraltı nüvə sınaq obyekti yaxınlığında yaşayan və Cənubi Koreyaya qaçan 89 nəfərin radiasiya ölçmələrinin aparılacağı və sınaqların 6 ay müddətində aparılacağı bildirilib:
“Şimalın nüvə sınaqlarından zərər çəkmiş ola biləcək şəxslərin radioaktiv sızmalara məruz qalma ehtimalının və ümumi sağlamlıq vəziyyətinin əvvəlcədən yoxlanması vacibdir”.
Cənubi Koreya 2017 və 2018-ci illərdə Şimali Koreyadan qaçanlar üzərində oxşar sınaqlar keçirib.
Cənubi Koreyanın yerli mətbuatında yer alan xəbərdə, paytaxt Seulda yerləşən insan haqları qrupunun dərc etdiyi hesabata görə, bölgədə milyonlarla insanın istifadə etdiyi su ehtiyatlarının yayılan radioaktiv maddələrdən təsirləndiyi bildirilib.