“Deputatların əksəriyyəti bizneslə məşğuldur”backend

“Deputatların əksəriyyəti bizneslə məşğuldur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cavanşir Feyziyev üçün hesabat məqamı yetişib”.

İnterpress.az xəbər verir ki, bunu deputat Cavanşir  Feyziyevə məxsus bank hesablarındakı 20,5 milyon dollarlıq vəsaitinə həbs qoyulacağı ilə bağlı məlumata münasibət bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, Cavanşir Feyziyev daxildə investisiya mühiti yaratmaq vəzifəsini icra etmək əvəzinə daha çox xaricə investisiya yatırmağa üstünlük verib:

“Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) hesab edir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirilir ki, bu vəsaitlərin bir hissəsi Böyük Britaniyanın investisiya vizası proqramına yatırılıb. Tier 1 (İnvestor) tipli bu  vizanı ölkə iqtisadiyyatına  2,5 milyon dollar məbləğində investisiya qoymağa hazır olan investorlar əldə edə bilərlər.  Həmçinin bu viza  ölkədə qalıb yaşamaq icazəsini almaq istəyən şəxslər üçün əlavə fürsət yaradır.

Əslində ölkəmizdə deputatların böyük əksəriyyəti açıq-aşkar bizneslə məşğuldur. Kimin hansı biznesinin, obyektlərinin olması da məlumdur.

Görünür, indi də sadəcə Cavanşir Feyziyev üçün hesabat məqamı yetişib. Məsələnin başqa tərəfi də var. Zaman-zaman ölkədə nə üçün investisiya mühitinin inkişaf etməməsi, startapların maliyyələşməsi üçün mənbələr tapılmaması məsələsi qaldırılır. Ölkədə investisiya ala bilməyən startaplar  regional və qlobal bazarlara üz tutaraq investisiya əldə edirlər.

Maraqlıdır ki, investisiya mühiti üçün normativ-hüquqi bazanı yaratmalı olanlardan biri də Cavanşir Feyziyevdir. Lakin görünür ki, deputatımız daxildə investisiya mühiti yaratmaq vəzifəsini icra etmək əvəzinə daha çox xaricə investisiya yatırmağa üstünlük verib. İngilislər 2.5 milyon dollar qarşılığında oturumluq veriblər. İndi bu vəsaitlər və biznesə yatırılanlar  həbs təhlükəsi qarşısındadır. Təcrübə isə  göstərir ki, adətən ingilislər “çirkli hesab ” olunan pulları  aid olduğu ölkəyə qaytarmaqda maraqlı deyillər”.

Gülşən