ƏƏSMN: “Şəhid ailələri və qazilərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”backend

ƏƏSMN: “Şəhid ailələri və qazilərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2018-2023-cü illərdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, onlara postmüharibə dövründə 4760, bu il 260, ümumilikdə ötən dövrdə 13,6 minə qədər mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 324, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.

2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olduğu, bu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfərin işlə təmin olunduğu, 62 min nəfərin özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradıldığı, proqramına cəlb olunanların illik sayının 14 dəfə artaraq 16 mini ötdüyü, 445 min nəfərin peşəyönümü xidmətlərə, 16 min nəfərin peşə hazırlığına cəlb edildiyi diqqətə çatdırılıb:

“2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildiyi, Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açıldığı bildirilib. Qeyd olunub ki, yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib. Qeyd olunan dövrdə Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib”.

Konfransda son beş ildə sosial sahədə geniş elektronlaşma proqramının icra olunduğu, Nazirliyin 153 xidmətindən 140-dan çoxunun elektronlaşdırıldığı bildirilib. Həmin dövrdə bu e-xidmətlərə 64 milyon müraciət, Nazirliyin e-sistemlərinə 572 milyon sorğu və müraciət qeydə alındığı, qurumun 31 e-xidməti üzərindən 3,3 milyon e-arayış verildiyi diqqətə çatdırılıb. Dövlət başçısının 2018-ci il 5 sentyabr tarixli Fərmanı ilə yaradılan “e-sosial.az” portalından isə 69 milyon dəfə istifadə edildiyi bildirilib. Nazirlik tərəfindən 2019-cu ildən bəri yaradılan 51 proaktiv təyinat mexanizmi üzərindən sosial ödənişlər üzrə 715 min proaktiv təyinat həyata keçirildiyi, 692 min fərdi hesabın e-qaydada açıldığı qeyd olunub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan sosial islahatların uğurları beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə və 2023-cü ilin ilk rübündə 33 beynəlxalq mükafat və sertifikatla təltif olunub. Dövlət xidmətlərinin 2022-ci ildə «ASAN xidmət indeksi» üzrə qiymətləndirilməsində 24 mərkəzi icra hakimiyyəti orqanı arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1-ci yerə yüksəlib.