Cənubi Amerika ölkəsi Ekvadorda baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 21-ə, itkin düşənlərin sayı isə 72-yə yüksəlib.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Belə ki, martın 27-də Çimborazo əyalətinin Alausi qəsəbəsində baş verən sürüşmə nəticəsində itkilərin artdığı bildirilib.
Təbii fəlakət nəticəsində ölənlərin sayının 21-ə, itkin düşənlərin sayının 72-yə, yaralıların sayının isə 37-yə yüksəldiyi qeyd edilib.
Sürüşmə nəticəsində 656 nəfərin zərər gördüyü, 170 nəfərin isə evsiz qaldığı bildirilib.
Hazırda yeni sürüşmə riskinə baxmayaraq axtarış-xilasetmə işlərini davam etdirir.
Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolları nəqliyyatın hərəkətinə açmaq üçün davamlı olaraq çalışdıqlarını açıqladı və Çimborazo əyalətində “fövqəladə vəziyyət” elan edib.
Yerli mətbuatda yayılan xəbərlərdə bölgədəki dağda bir müddətdir çatların əmələ gəldiyi və bunun da sürüşməyə səbəb olduğu iddia edilib.