Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib ki, ölkədə seçkilər ilk turda başa çata bilər. Onun sözlərinə görə, ikinci tura ehtiyac olmaya bilər.
Məlum olduğu kimi, Türkiyədə parlament və prezident seçkilərinin ilk turu mayın 14-də keçiriləcək. Əgər ilk turda nəticə olmazsa, ikinci tur 2 həftə sonra, yəni ayın 28-i keçiriləcək.
Öncə onu deyək ki, dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
“Cümhur İttifaqı”na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
Seçkilərin kifayət qədər gərgin şəraitdə keçəcəyini indidən təxmin etmək olar. Hakim AK partinin seçki kampaniyası sürətlə davam edir. Doğrudur, fevralın 6- da baş vermiş dəhşətli zəlzələ və onun nəticələri mövcud iqtidarın reytinqinə mənfi təsir edib. Buna baxmayaraq, hakimiyyətin ötən iyirmi il ərzində gördüyü işlər də göz önündədir. Ərdoğanın liderliyi ilə hakimiyyətin daxili və xarici siyasətdə atdığı uğurlu addımlar nəticəsində bu gün Türkiyə nəinki regional, həm də beynəlxalq siyasi aktordur.
Əvvəllər də dediyimiz kimi, Qərb, xüsusilə ABŞ Ərdoğanın seçkilərdə qalib gəlməsini istəmir. Çünki ABS- a müstəqil siyasət yeridən lider yox, onun hər dediyi ilə oturub – duran siyasətçi lazımdır. Bu mənada, ola bilsin, Qərb müxalifətin, ələlxüsus Kılıçdaroğlunun qalib gəlməsində maraqlıdır. Hətta CHP sədrinə gizli dəstəyin verilməsi də mümkündür.
Onu da deməliyik ki, seçkilər ərəfəsində Türkiyənin texnologiya sahəsindəki uğurları, o cümlədən yerli “Togg” avtomobilinin, “TCG Anadolu” gəmisinin istifadəyə verilməsi, İMECE peykinin kosmosa buraxılması, həmçinin zəlzələnin təsirlərinin aradan qaldırılması istiqamətində atılan addımlar, yenidənqurma işləri itirilmiş reytinqin bərpası istiqamətində mühüm rol oynayır. Seçkilərdə AK partinin və Ərdoğanın qalib gələcəyini proqnozlaşdırmaq olar. Hətta mümkündür ki, məhz Şəntopun dediyi kimi olacaq, ikinci tura ehtiyac qalmayacaq.
Artıq seçkilərə bir aydan az vaxt qalıb. Bu isə o deməkdir ki, regionun, Türk dünyasının taleyinin müəyyənləşəcəyi tarixi an üçün gün saymağa başlamalıyıq.
Kənan Novruzov
İnterpress.az