Ermənistanda hərbçi yoldaşı Edqar Aleksanyanı intihara sürükləmək ittihamı ilə həbs edilib.
interpress.az xəbər verir ki, bu barədə erməni mediası Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb. Bildirilir ki, erməni hərbçinin həmkarı Edqar Aleksanyanı intihara sürükləməkdə ittiham edilərək həbs olunub.
“Ermənistan Müdafiə Nazirliyinin N hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu G.E.-nin müşahidəçi qismində döyüş növbətçiliyinə cəlb olunması ilə bağlı faktiki məlumatlar daxil olub. 2024-cü il avqustun 27-dən sentyabrın 2-dək olan müddətdə şəxsi heyətin iştirakı ilə həmin döyüş mövqeyində müşahidə xidmətinin tərkibində olan hərbi qulluqçu E.Aleksanyanı vaxtaşırı alçaldıb, təhqir edib və vurub.
Çıxılmaz vəziyyətdə qalan Aleksanyan sentyabrın 2-də saat 09:45 radələrində eyni döyüş mövqeyində AKM markalı avtomatdan özünü çənə nahiyəsindən atəş açaraq intihar edib.
G.E. Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə ittiham olunaraq, barəsində həbs qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az