“Azərbaycan Dəmir Yumruğu işə salmaqla, genişmiqyaslı antiterror əməliyyatı keçirərək təxribatlara həmişəlik son qoya bilər”.
Bunu Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində Azərbaycan Ordusnun mövqelərinə qarşı genişmiqyaslı təxribatlarını bu gün də davam etdirməsini dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.
Partiya sədri bildirib ki, Azərbaycan erməni təxribatlarına cavab verməyə qadir olsa da, məsələnin dəyirmi masa arxasında həll olunmasını istəyir:
“Bu gün Kəlbəcər, Laçın rayonu istiqamətində hücuma keçən düşmən tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti qəsdən daha da gərginləşdirməyə çalışaraq minaatan və artilleriya qurğularını işə salıblar. Nəticədə iki hərbçimiz yaralanıb. Ancaq düşmənin bu xain hücumu cavabsız qalmayıb. Qəhrəman hərbçilərimizin ayıq-sayıqlığı və operativ tədbirləri nəticəsində təxribatın qarşısı alınıb, erməni hərbçilər saxlanılıb və düşmənin çoxlu miqdarda silah-sursatı ələ keçirilib. Əsgərlərimizlə gerçəkdən də qürur duyuruq. Düşmən gücümüzü hər an hiss etməlidir. Ermənistanın son çırpınışları bütün əvvəlki təxribat cəhdləri və revanş planları kimi boşa çıxmağa məhkumdur. Əslində Azərbaycan bu təxribatlara növbəti dəfə Dəmir Yumruğu işə salmaqla, genişmiqyaslı antiterror əməliyyatı keçirməklə həmişəlik son qoya bilər. Bunun üçün hər cürə imkanlarımız da var. Lakin Bakı əlavə qan tökülməsini istəmir. Biz məsələləri masada çözməyə üstünlük veririk”.
Gülşən