Cinsi təcavüz qurbanı Fatmanur Çelik və qızı İkranın dəfn mərasimində qadınlar kişilərin tabutları daşımasına icazə verməyiblər.
İnterpress.az xəbər verir ki, bu barədə “ANKA” agentliyi məlumat yayıb.
İstanbulda meyitləri tapılan və cinsi zorakılığa məruz qaldıqlarını bildirən Fatmanur Çelik və 8 yaşlı qızı Hifa İkranın dəfn mərasimində sarsıdıcı və etiraz dolu anlar yaşanıb.
Mərasimə qatılan onlarla qadın ənənəvi qaydaların əksinə olaraq, kişilərin tabutları daşımasına icazə verməyiblər.
Qadınlar “Kişilər geri çəkilsin!” deyərək tabutları öz çiyinlərinə götürüblər. Onlar həm ana, həm də qızının cənazəsini məzarlığa qədər özləri daşıyaraq, cinsi zorakılığa və qadın qətllərinə qarşı səssiz etirazlarını nümayiş etdiriblər.
Xatırladaq ki, Fatmanur Çelik sağlığında bir vəqf rəhbəri tərəfindən illərdir həm özünün, həm də azyaşlı qızının zorakılığa məruz qaldığını bildirərək ədalət tələb edirdi.
Onun vəfatından sonra keçirilən bu vida mərasimi Türkiyə ictimaiyyətində böyük əks-səda doğurub.
Xuraman Etibarlı
İnterpress.az






