“Deputat Fazil Mustafaya qarşı törədilən terror aktı, Azərbaycan ictimaiyyətində təşviş yaratmaqda maraqlı olan radikal qrupların və regionumuzda bu kimi qruplara maddi-texniki dəstək verən bəzi dövlətlərin çirkin fəaliyyətlərinin nəticəsidir. Ancaq, hərkəs anlamalıdır ki, heç kim bu və ya bu kimi terror aktları, silahlı hücum hadisələri ilə Azərbaycanda qorxu mühiti yarada bilməyəcək”.
Bu fikirləri “İnterpress.az”a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.
İctimai fəal, millət vəkilinə qarşı törədilən terror hücumunun detallarından danışıb:
“Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyində, ölkənin qanunverici hakimiyyət orqanının üzvünə qarşı belə bir qanlı terror aktı törətmək, təkcə Fazil Mustafaya qarşı yox, bütövlükdə Azərbaycan dövlətinə, dövlətçiliyimizə atılmış güllə kimi xarakterizə olunmalıdır. Bu silahlı hücumun, məhz bu tarixdə reallaşmasında müəyyən şübhələr və hesab edirəm ki, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanları, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti bu terroru həyata keçirənləri də, onu planlaşdıran və dəstəkləyən şəxs, qurum və ya başqa dövləti(lər) də layiqli şəkildə cəzalandıracaq və lazımi bütün əməli addımları atacaq”
Natiq Çıraqzadə Azərbaycan cəmiyyətinin bu cür terror hücumlarına boyun əyməyəcəyini vurğulayıb:
“Azərbaycan cəmiyyəti, xalqımızın mütləq əksəriyyəti bu gün regionda baş verən siyasi proseslərdən xəbərdardır. Azərbaycanın bir dövlət kimi birgə mənafelərimiz və maraqlarımız naminə hansı çətin situasiyalarda mübarizə apardığı, Azərbaycan ictimaiyyətinin diqqətindədir. Odur ki, Azərbaycan xalqı da, dövlətimiz kimi bölgədəki balanslar haqqında olduqca zəngin informasiyaya malikdir. Bu o deməkdir ki, heç bir kənar qüvvə, ölkə ictimaiyyətində nüfuz sahibi olan şəxslərə, dövlət idarəetməsində təmsil olunan insanlara, fəallara və media mənsublarına qarşı terror hücumları ilə Azərbaycan xalqını qorxuda və öz ali məqsədlərindən yayındıra bilməyəcək. Biz nə dövlət olaraq, nə də tarixin çətin sınaqlarından çıxmış bir xalq olaraq, bu kimi iyrənc kampaniyalara və qanlı əməllərə təslim olub, boyun əyməyəcəyik”.