“Fransanın Korsikada milli azlıqlara qarşı yürütdüyü siyasətlə, dünyanın digər münaqişə ocaqlarındaki separatçılara açıq dəstəyini ifadə etməsi daban-dabana zidd olan siyasi faktlardır”
Bu fikirləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.
O qeyd edib ki, Fransa hökumətinin Korsika adasındaki milli azlığı öz dilində danışmaq hüququndan məhrum etməsi, Qərbdə insan haqları məsələlərinə yanaşmanın ikili standartlarından xəbər verir:
“Qarabağdakı bir qrup erməniyə “status” tələb edən Fransa dövləti, korsika və kaledoniyalılar başda olmaqla digər milli azlıqların öz dillərində təhsil almaq hüquqlarını boğur. Bu proses davam edərkən, Qərbdəki bütün beynəlxalq əhəmiyyətli siyasi-hüquqi və media institutlarının fundamental insan hüquqlarına qarşı sərgilədiyi bu biganə mövqe, onların bu kimi ciddi mövzularla bağlı vaxtaşırı yaydıqları “hesabatlar”ı da dəyərsiz, absurd və qərəzli qılır. Ümumiyyətlə,BMT-in qətnamələri başda olmaqla, Fransanın özünün də imzaladığı və hər fürsətdə dünyaya hüquqi dəyərlərin imitasiyasını etdiyi bütün beynəlxalq konvensiya, hüquqi norma və aktlar Fransanın dövlət səviyyəsində öz daxilindəki milli azlıqlara tətbiq etdiyi mənəvi-siyasi terrora qarşı qəti müdaxiləni tələb edir”.
Məsələyə təkcə siyasi əxlaq, qanunun aliliyi və hüquqlar baxımından yox, eləcə də müasir yanaşmalar, multikultural dəyərlər pəncərəsindən baxdıqda isə, daha maraqlı mənzərə ilə rastlaşırıq : Məsələn, Azərbaycan Respublikası ərazisində türklər, avarlar, ləzgilər, talışlar, tatlar, kürdlər və hətta ermənilər belə əmin-amanlıq, mehribanlıq içərisində və birgə şəkildə yaşayırlar. Azərbaycanda heç bir zaman hansısa milli azlıq nümayəndəsinin milli kimliyinə görə qısnamaya məruz qalması yaxud hansısa başqa millətin nümayəndəsidir deyə üstünlük verilməsi hallarına rast gəlməmişik. Lakin, fransız hökumətinin də dəstəyilə Fransa Dövlətinin qəbul etdiyi bir qərara əsasən, bu gündən etibarən Korsika adasında yerli dildə hansısa fikrin ifadəsi şiddətli dəyənək zərbələri və “terrorçuluğun təbliğ edilməsi” ittihamı ilə həbs olunmaqla nəticələnəcək.
Natiq Çıraqzadə, Fransanın digər dövlətlərin daxili məsələlərinə qarışması, dünya ictimaiyyətində çaşqınlıq yaradan qərəzli bəyanatlarından bəhs edib:
“Azərbaycan kimi qardaş ölkə Türkiyənin də daxili məsələlərinə sıx-sıx qarışan Fransanın öz daxili problemlərini, vətəndaş müharibəsi kimi faciəvi nəticələr doğuracaq böhranları həll etməsi, başqa regionlardıki separatist və terrorçu ünsürləri dəstəkləməkdən daha faydalı olacaq”.