31 iyul 2024-cü il tarixindən etibarən Gürcüstanda bütün siqaretlər sadə qablaşdırmada satılacaq, baxmayaraq ki, müəssisələrin 31 iyuldan əvvəl bazara çıxardığı köhnə məhsulları 2025-ci il aprelin 1-dək satmaq imkanı olacaq.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsi “Tütünlə mübarizə haqqında” qanuna dəyişikliyi müzakirə edib.
“Bir tərəfdən tütün məmulatlarının istehlakının azaldılmasına tam yönəlmiş qanun ruhunun qorunub saxlanması, digər tərəfdən isə müvafiq məhsulların idxalçı və istehsalçılarının mümkün iqtisadi itkilərinin minimuma endirilməsi vacibdir”, – Davit Sonğulaşvili bildirib.
Komitənin iclasında qeyd edildiyinə görə, 31 iyul 2024-cü il tarixindən etibarən tütün məmulatlarının qablaşdırılması ilə bağlı qanunvericiliyi sərtləşdirən bir sıra normativ hüquqi aktlar qüvvəyə minəcək ki, bu da həmin məhsulların istehsalçılarına və idxalçılarına müəyyən iqtisadi təsir göstərəcək.
Dəyişikliyin təşəbbüskarları hesab edirlər ki, həmin şəxslərə bazara çıxarılan tütün məmulatlarını sata bilmələri və fəaliyyətlərində daha sərt qanunvericiliyə tam əməl etmələri üçün onlara müəyyən müddət verilməsi məqsədəuyğundur.
Komitə qanun layihəsini dəstəkləyib.