İnterpress.az saytı gənc musiqiçi və bəstəkar Ceyhun Yazlarlının müsahibəsini təqdim edir.
– Musiqi ilə aranızda olan bağ necə yaranıb?
-Mənim musiqiyə bağlılığım qarabağlı olmağımdan irəli gəlir. Ana tərəfim şuşalıdır, ata tərəfim isə Fizulidəndir. Həm bununla, həm də musiqiçi ailəsində doğulub boya başa çatmağımla əlaqəli ola bilər. Hər zaman valideynlərim məni dəstəkləyib. Musiqi üzrə ən yaxşı təhsili ala bilməyim üçün əldən gələni ediblər. 2005-2010-cu illərdə Füzuli Rayon Allahyar Əliyev adına tam orta məktəbdə tar sinfində təhsil alaraq oranı fərqlənmə ilə başa vurmuşam. 2013-cü il Sumqayıt musiqi kollecinə qəbul olmuşam. Kollec illərində professional ifaçılıq sənətinə yiyələnmiş, Validə İsmayılova, Bakıxan Müzəffərov, Ağazal Abdullayev, Elbrus Əliyev kimi ustad ifaçılardan dərs almışam. Kollec illərində kiçik pyeslər yazmağa başlamış və bu istedadımı məhz həmin dövrdə kəşf etmişəm. 2017-ci il kolleci fərqlənmə ilə bitirərək təhsilimi davam etdirmək üçün Azərbaycan Milli Konservatoriyasına üz tutmuşam. Tar ifaçılıq sənətində ustad sənətkarlar Rövşən Qurbanov, Arslan Növrəsli və Əməkdar artist Sahib Paşazadə kimi ifaçılardan dərs almışam. Eyni zamanda Bəstəkarlıq ixtisas üzrə Professor, Xalq artist Vasif Allahverdiyev, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, Faiq Nağıyev, professor, Əməkdar incəsənət xadimi Cəlal Abbasov və professor, Xalq artisti Dadaş Dadaşov kimi böyük bəstəkarlardan dərs alaraq peşənin sirlərini öyrənmişəm. 2021-ci il də Azərbaycan Milli Konservatoriyasından məzun olmuşam. 2022-ci ildə təhsilimi davam etmək üçün yenidən Azərbaycan Milli Konservatoriyasına qəbul olmuşam. Hazırda ustad bəstəkar, professor, Əməkdar incəsənət xadimi Cəlal Abbasovun sinfində təhsilimi davam etdirirəm
– Beləliklə musiqi ilə aranızdakı bağlılıq heç qopmadı…
– Bəzi müəllimlərim mənə “sən yaxşı musiqiçi ola bilərsən, lakin bəstəkar olmaq çətindir, bunu bacarmazsan” deyiblər. Mən isə özümə, sonra ailəmə güvənib irəliləmişəm. Özünə güvənirsənsə, hədəfin varsa, istədiyini əldə edəcəksən. Mən də bu prinsip ilə davam etmişəm. 2021-ci il 27 may solo konsertim baş tutmuşdu. Solo konsertimdə əməkdar artistlər Sahib Paşazadə, Çinarə Heydərova, İlahə Hüseynova, Nərmin İsgəndərova, Nəzrin Cəfərzadə və Nərmin Şirinova iştirak ediblər. Pandemiyaya baxmayaraq dirijorluq kafedrasının müdiri dosent Leyla Zalıyevanın dəstəyi ilə bizim məşq prosesimiz, eləcə də konsertin ərsəyə gəlməsi asanlaşdı. O, konsert proqramı təşkil etmək mümkünsüz olan halda bizə bu imkanı yaradıb prosesdə fəal iştirakı ilə əvəzsiz rolu ilə fərqlənib.
Konsertdə səsləndirilən əsərlər artıq dərc edilib, hazırda musiqi məktəbləri üçün dərslik vəsaiti kimi istifadə olunur. Dahi müəllimlərimdən biri olan Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Cəlal Abbasovun sözlərini hər zaman xatırlayıram: “Mümkünsüz bir şey yoxdur. Əgər istəyirsənsə, hər şeyi edə bilərsən. Ağlına bir musiqi gəldisə, onu yaz. Əgər onu yazmayıb başqa bir iş görsən, beynindəki o musiqi səni öldürə də bilər”. Musiqi ilə aramdakı bağın qopmamasını iradəmə və belə dahi müəllimlərimə borcluyam.
– Hansı alətlərdə ifa edə bilirsiniz ?
– Demək olar, xalq çalğı alətlərin hamısında ifa edə bilirəm. Ud, tar, qopuz, saz, kamança, qanun və sairə. 20-dən çox alətdə ifa etməyi bacarıram. Bu alətləri öyrənmək ən azı 10 ilimi alıb. Musiqi məktəbinə daxil olduğum gündən bəri öyrənirəm. Bir alət ilə kifayətlənməyi heç vaxt düşünməmişəm. Musiqi kollecində simli alətləri, yəni violin, alt, kontrabas və digərlərini öyrənməyə həvəs yarandı. Bir çox ifaçılardan, eləcə də tələbə və müəllimlərdən dəstək aldım. Nəticədə bu alətlərdə ifa etməyi müəyyən qədər öyrəndim. Daha sonra fortepianoda da musiqi səsləndirməyi öyrəndim və Bakı Beynəlxalq Caz Festivalında üçüncü yerə layiq görüldüm. Azərbaycan Milli Konservatoriyasında təhsil aldığım dövrdə isə hansısa alət üçün əsər yazmadan öncə həmin alət haqqında araşdırmalar edirdim. Tam olmasa da, bir qədər ifa etməyi bacarırdım ki, bu alətin ən gözəl səslənmə oktavasını, hansı incəliyə məxsus olduğunu öyrənim. Hər yazdığım əsəri bu gün üçün deyil, professional formada gələcəyə ötürmək üçün düşünmüşəm.
– Əsərlərinizi alətlərdə ən gözəl səslənmə metoduna görə bəstələmisiniz..
– Bəli, mənim qanun və fortepiano üçün bəstələdiyim “Birinci Qaytağı” əsərim var. Vurğulamaq istərdim ki, qanun üçün Süleyman Ələsgərov, Dadaş Dadaşovdan başqa demək olar çox az bəstəkar bu alətə müraciət edib, çünki alətə bələd olan az olub. Bu acı həqiqətdir. “Qaytağı nömrə 2” kamança üçün, “Qaytağı nömrə 3” iki fortepiano üçün, “Qaytağı nömrə 4” isə ustadımız Bakıxan Müzəffərovun əziz xatirəsinə həsr olunub. Yaxın aylarda səslənməsi gözlənilir.
– Sizin üçün şah olan əsəriniz hansıdır ?
– Mənim üçün şah olan əsərim Nizami Gəncəvinin sözlərinə bəstələdiyim “Sığmaz” romansıdır. Gələcək üçün çox maraqlı ola biləcək bir əsərdir. Əsər müasir, muğam və caz musiqinin vəhdətini təşkil edir. Bu üçünün bir yerdə işlədilməsi çox çətindir və az istifadə olunur.
– Musiqi aləminə yeni gələnlərə nə məsləhət verərdiniz?
– Çalışsınlar ki, xalq çalğı alətləri üçün əsərlər yazsınlar. Hazırda simfonik orkestr, hərbi orkestr üçün işləyən çoxdur. Amma xalq çalğı alətləri üçün kimsə tapılmır.
– Sizcə buna səbəb nədir?
– Buna bir sıra səbəb var. Bu sənətə gələn əksər bəstəkar ya pianoçu kimi gəlir, ya da başqa sənətdən. Sırf olaraq xalq çalğı alətləri sahəsindən gələn olduqca azdır. Onlar birdən alətdən düzgün istifadə etməyəcəklərindən çəkinirlər. Amma unutmaq olmaz ki, bizim xalq çalğı alətlərimiz çox zəngindir. Əgər zəngin olmasaydı, ən azından bu günümüzə qədər gəlib çatmazdı.
Gənclərə Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsertlərdə iştirak etməyi, xalq çalğı alətlərini yaxından tanımağı məsləhət bilərdim. Xalq çalğı alətləri bizim sərvətimizdir. Bu gün biz yazmasaq, sabah heç kim bu alətlər üçün musiqi yazmaz.
Sevil Seymur
Xüsusi olaraq İnterpress.az üçün