Gənclər və İdman Nazirliyinin milyonluq festivalı fiaskoya uğradı – İFŞAbackend

Gənclər və İdman Nazirliyinin milyonluq festivalı fiaskoya uğradı – İFŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Gənc Fest” festivalı fiaskoya uğrayıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, nazirlik “Kristal Hall”da keçirdiyi tədbirin təşkili üçün qalib şirkətə 914 min manatdan çox ödəniş edib.

Nazirlik qalib şirkətin adını ictimaiyyətə açıqlamaqdan yayınsa da, sonradan redaksiyamıza daxil olan məlumatla hər şey ifşa olunub.

Məlum olub ki, qalib şirkət “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Maqsud Fərzullayevə məxsusdur.

Tədbirdə iştirak üçün regionlardan xeyli sayda gənclər gətirilərək cəlb olunub. Həmin gənclər M.Fərzullayevə məxsus oteldə gecələyiblər.

Amma gənclər oteldə şəraitsizliklə üzləşiblər. Festivala qatılan gənclərdə bu kimi narazılıqların yaranmasına səbəb isə nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarovun olduğu məlum olub.

Narazı iştirakçılar şöbə müdirinin fəaliyyətindən və onlara laqeyd münasibətindən gileyləndiklərini söyləyiblər. Bununla bağlı hətta müvafiq qurumlara müraciət ünvanlamağı da planlaşdırdıqlarını bildiriblər.

Ümumiyyətlə, son vaxtlar Gənclər və İdman Nazirliyi ilə bağlı tənqidlər artıb. Buna səbəb isə nazir Fərid Qayıbovun səhlənkar fəaliyyəti, eləcə də başının tenderlərə qarışması göstərilir.

İddialara görə, F.Qayıbov nazirliyin tenderlərlə bağlı bütün məsələlərini Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarova həvalə edib.

R.Cabbarovun isə tenderləri nazirin yaxın ətrafındakı şirkətlərə uddurur. Beləliklə, nazir və şöbə müdiri birləşərək dövlət qurumunun fəaliyyətindəki şəffaflığı aradan qaldırmış olurlar.

Sonradan gənclərin narazılıqları ilə qarşılaşan bu kimi bütün hallar dövlətin gənclər siyasətinə kölgə salmış olur.

Məlumat üçün bildirək ki, Nazirlik Gənclər Festivalının sentyabrın 21-24-nə təyin etsə də, Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri ilə əlaqədar olaraq təxirə düşüb. Amma şəxsən nazir Fərid Qayıbovun tapşırığı ilə festivalın tarixi 24-25 noyabr tarixinə dəyişdirilib. Həmin günlər isə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşü keçirilib. Mənbənin sözlərinə görə, festivalın Bakıda Sammitin keçirildiyi günlərdə təşkil olunması təsadüfi deyil. Amma bunun səbəbini isə yalnız Fərid Qayıbovun bildiyi iddia edilib. Qeyd olunub ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bakıda keçiriləcək sammitlə bağlı hərəkət iştirakçıları üçün dəfələrlə yaydığı informasiyalara, eləcə də mətbuatda bu beynəlxalq sammitin keçiriləcəyi ilə bağlı dərc olunan məlumatlara baxmayaraq, tədbirin bu iki gündə keçirilməsi hər kəsdə sual doğurub.

Məlumata görə, nazirliyin koordinasiyasız fəaliyyəti, yalnız Fərid Qayıbovun özbaşına verilən tapşırıqları ilə idarə olunması bu kimi hallara gətirib çıxarır. Məhz koordinasiyasız fəaliyyət nəticəsində festivalın ikinci gününə qatılan olmayıb. Çox cüzi sayda gənclərin iştirakı nəzərə çarpıb.

Bütün bunlarla yanaşı milyonluq büdcənin xərcləndiyi festivalla bağlı ölkə mətbuatında heç bir informasiya dərc olunmayıb. Buna səbəb isə nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin səriştəsizliyi və mətbuatla münasibətlərin düzgün tənzimlənməməsidir. Adının açıqlanmasını istəməyən etibarlı mənbədən bildirilib ki, mətbuatla əlaqələrin məhdudlaşdırılması Fərid Qayıbovun xüsusi göstərişidir. Buna səbəb isə gündəmdə olmamaq və hədəflərdən yayınmaq cəhdidir.

Məsələ ilə bağlı nazirliyin mətbuat katibi Qabil Mehdiyevlə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verməyib.

Qeyd: yazıda adları çəkilən qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

İnterpress.az