Ermənistanın müxalif siyasi qüvvələri ümummilli birlik təşəbbüsü ilə çıxış edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanın evində keçirilən partiyalararası görüşün yekununda qəbul edilən bəyanatda müxalif qüvvələr ümummilli konsolidasiyanın formalaşdırıldığını elan ediblər.
Bəyanatda Ermənistanın qarşısında duran ciddi çağırışların nəzərə alındığı vurğulanıb.
Təşəbbüsün əsas məqsədləri sırasında “yeni konstitusiyanın qəbuluna məcbur edilməsinin rədd olunması, birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhə nail olunması, milli kimliyin və Erməni Apostol Kilsəsinin qorunması, demokratik azadlıq və hüquqların bərpası” qeyd edilib.
Bəyanatı imzalayan siyasi qüvvələr ölkənin qarşılaşdığı çağırışlara qarşı birgə mübarizə aparmaq və milli prioritetlər ətrafında səylərini birləşdirmək barədə razılığa gəliblər.
Bəyanata ümumilikdə 13 siyasi qüvvə, o cümlədən “Güclü Ermənistan” və “Ermənistan” blokları, “Yaşam naminə ölkə”, “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və Ermənistan Milli Konqresi imza atıb.
Xuraman Etibarlı
İnterpress.az






