Göygöldə arxeoloji qazıntılar zamanı qədim dövrə aid qəbirlər aşkarlanıbbackend

Göygöldə arxeoloji qazıntılar zamanı qədim dövrə aid qəbirlər aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə Göygöl rayonu ərazisində uzun fasilədən sonra yenidən arxeoloji tədqiqatlara başlanılıb.

Bu barədə “İnterpress.az”a AMEA-dan məlumat verilib.

Tədqiqat işləri Göygöl-Topalhəsənlı yolunun sol tərəfində, yoldan 120 metr məsafədə 5 metrə yaxın hündürlüyü olan kiçik təpənin üzərində yerləşən kurqanda həyata keçirilib.

Torpaq örtüklü kurqanın diametri 22 metr, hündürlüyü 1,5 metrdir. Kurqanda maraqlı dəfn adətləri qeydə alınıb.

Burada kurqan örtüyü götürüldükdən sonra 2,2×2,4 metr ölçüdə, 1 metr dərinliyi olan əsas kurqanaltı kamera yerləşir. Əsas kamera Son Tunc-Erkən Dəmir dövrünə aiddir.

Digər maraqlı cəhət isə vaxtilə kurqanın yerləşdiyi təpədə Erkən Tunc dövrünə aid torpaq qəbirin salınmasıdır. Son Tunc-Erkən Dəmir dövrü kamerası torpaq qəbirin bir hissəsini kəsdiyi üçün qəbirin bu hissəsi dağıntıya məruz qalıb. Erkən Tunc dövrünə aid torpaq qəbirin kurqan qurulmazdan əvvəl salındığı müşahidə edilib.

Təpənin üzərində Erkən Tunc dövründə düzbucaqlı formalı torpaq qəbir salınıb, sonradan isə qəbirin olduğu təpənin üzərində Son Tunc-Erkən dəmir dövrünə aid kurqan qurulubdur. Əsas kurqanaltı kameradan başqa, kurqan örtüyündə sonradan erkən müsəlman dövrünə aid 10 ədəd katakomba tipli sapma qəbirlər salınıb. Sapma qəbirlərin üzərinə bir cərgə uzunsov çay daşları düzülüb. Beləliklə, torpaq örtüklü kurqanda torpaq qəbir, qəbir kamerası və 10 sapma qəbir aşkarlanıb.

Qeyd edək ki, Azərbaycan ərazisində kurqan tipli abidələrə ən çox rast gəlinən bölgələrdən biri Göygöl rayonudur. İndiyədək Gəncəçayın hər iki sahilində, kiçik təpələr üzərindəki düzənlik sahədə yüzlərlə kurqanlar qeydə alınıb və bir qismi bu ərazidə məskunlaşmış almanəsilli şəxslər tərəfindən XIX əsrin sonları və XX əsrin əvvəllərində tədqiq edilib.

Tədqiqatçılar içərisində Y.Hümmelin XX əsrin 20-30-cu illərində (1941-ci ildə Qazaxıstana sürgün edilib) burada çoxsaylı kurqanlarda apardığı arxeoloji qazıntı işləri elmi cəhətdən özündən əvvəlki mütəxəssislərin tədqiqatlarından köklü şəkildə fərqlənməklə Azərbaycanın qədim tarixinin öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.