Şiddətli insidentlər səbəbiylə Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı missiyasının göndərilməsinin gündəmdə olduğu Karib hövzəsi ölkəsi Haiti missiyaya rəhbərlik edəcəyi gözlənilən Keniya ilə diplomatik əlaqələr açıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Haitinin baş naziri Ariel Henri Keniya ilə diplomatik əlaqələrin qurulduğunu açıqlayıb.
Haiti ilə Keniya arasında sözügedən addım, Karib hövzəsi ölkəsində bandalarla mübarizədə polisə dəstək üçün göndərilməsi nəzərdə tutulan BMT-nin sülhməramlı qüvvələrinə Keniyanın rəhbərlik etmə ehtimalından sonra atılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Haitidəki silahlı dəstələr sentyabrın 19-da paytaxt Port-au-Prinsdə nümayiş keçirərək, ictimaiyyəti baş nazir Henrini devirməyə çağırıblar.
Bölgədə gərginlik və zorakılığın artdığı bir vaxtda BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Haitiyə təhlükəsizlik qüvvələrinin göndərilməsi məsələsini müzakirə edə biləcəyi bildirilir.
Baş nazir Henri 2022-ci ilin oktyabrında beynəlxalq ictimaiyyətə etdiyi çağırışda ölkəsində sabitliyi təmin etmək və quldur dəstələrinə qarşı mübarizə aparmaq üçün “xüsusi hərbi qüvvə”nin yerləşdirilməli olduğunu bildirmişdi.
Prezident Jan Bertran Aristidin çevrilişlə devrilməsindən sonra 2004-2017-ci illər arasında Haitidə xidmət edən BMT-nin sülhməramlı missiyası qalmaqallara səbəb olub.
Sözügedən sülhməramlı qüvvə insan hüquqlarının pozulması, cinsi təcavüz və epidemiyada 10 mindən çox insanın ölümü ilə yadda qalıb.