“İran, Azərbaycan Respublikası və Türkmənistan arasında transfer (“swap”) müqaviləsinin İrandakı ekspert qrupu arasında həm məddahları, həm də tənqidçiləri var. Hər il təxminən 1,5-2 mlrd. kubmetr türkmən qazı ilə bağlı Aşqabadda müqavilənin imzalanma mərasində Türkmənistan tərəfinin yoxluğu da suallar doğurub”.
Bunu Yenisabah.az-a açıqlamasında iranşünas siyasi şərhçi Əziz Rzazadə bildirib.
“Bəzi müşahidəçilərin fikrincə, saziş iki ölkə arasında iqtisadi bağlılığın artmasına, ümumən Tehran-Bakı siyasi əlaqələrinin istiləşməsinə zəmanət verə bilər. Lakin sənədi İranın milli maraqlarına zərərli hesab edən müşahidəçilər və enerji sahəsi üzrə ixtisaslaşmış mütəxəssilər də var”, – deyə o, fikrinin davamında qeyd edib.
Əziz Rzazadənin sözlərinə görə, ümumiyyətlə, Türkmənistanın öz neft-qaz kəmərləri sistemi yoxdur.
“Rusiyadan başqa türkmən qazının ən böyük nəql istiqamətlərindən biri İran ərazisidir. Son illərdə İrandan nəql olunan qazla bağlı Tehran və Aşqabad arasında ara-sıra ixtilaflar peyda olur. Elə son üçtərəfli transfer müqaviləsinin tənqidçiləri də bu məqamı xüsusi qabardırlar. Onlar İranın vasitəçiliyi ilə Türkmənistandan Azərbaycanın qaz nəqli sazişinin mahiyyətcə yeni olmadığını və hələ 2016-cı ilin sentyabr-oktyabr aylarında “Ghadir” İran İnvestisiya Şirkəti, “Türkmənqaz” (Türkmənistan) və SOCAR (Azərbaycan) imzalandığını deyirlər.
Yeri gəlmişkən, 2018-ci ilə qədər qüvvədə olmuş müqavilədən “Ghadir Company” illik 22 milyon dollar gəlir əldə edib. ABŞ-ın Tramp administrasiyası dövründə, yəni 2018-ci ilin mayında JCPOA-dan (nüvə sazişi, yaxud Birgə Hərtərəfli Fəaliyyət Planı) çıxmasından sonra müqavilənin icrası dayandırılıb”, – deyə ekspert vurğulayıb.
“Digər tənqidçilər deyirlər ki, türkmən qazının nəqlindən İran 6-10 faizlik komission haqqı götürəcək ki, bu da ən yaxşı halda 100-200 milyon kubmetr qaz deməkdir. Yəni ölkənin 5 şimal əyalətini əhatə etməklə İranın daxili istehlakında illik 230 milyard kubmetr həcmindədir. Hətta bu iddia da səslənir ki, əslində, “swap”-dan qazanılan mavi yanacaq bu vilayətlərdə cəmi 2 günlük qaz istehlakı üçün kifayət edir”.
Əziz Rzazadə əlavə edib:
“Müqavilənin tənqidçiləri Naxçıvan-Qars qaz kəmərinin tikintisini də xüsusi qabardırlar. Onların fikrincə, bu nəql xətti ümumən Türkiyənin İran qazına olan ehtiyacını azaldacaq. İranla Türkiyə arasında 20 illik qaz müqaviləsi yaxın 2 ayda bitməlidir, onun uzadılıb-uzadılmayacağı isə müəmmalıdır.
Müqavilənin tərəfdarları əksinə, Aşqabad sənədini ABŞ-ın sərt iqtisadi sanksiyalarının hökm sürdüyü dövrdə mühüm qələbə kimi tərifləyir. Xüsusən, siyasi analitik Həsən Hadizadə müqaviləni İbrahim Rəisi administrasiyasının 4 aylıq fəaliyyəti dövründə “strateji zəfər” adlandırıb. Digər ekspert Səlimi Nəmin isə həmin konteksdə, İranla Azərbaycan arasında münasibətlərin pisləşməsində sabiq prezident Həsən Ruhanini təqsirkar sayıb.
Ümumən iranlı ekspertlərin bu qismi hesab edir ki, türkmən qazından başqa, gələcədə İran qazının da, “Şahdəniz” yatağından hasil edilən mavi yanacaq kimi, TANAP-la Avropaya nəqli imkanları açılır. Söhbət təkcə Fars körfəzi hövzəsində yerləşən yataqlardan getmir. Xəzərin cənub hissəsində kəşf olunmuş yeni “Çalus” yatağı hələ işlənməsə də, gələcəkdə həmin yataqdan hasil olunacaq qazın hara və haradan keçməklə nəql olunacağı məsələsi gündəliyə çıxacaq. Mavi yanacağın həmin yataqdan Azərbaycan ərazisindən keçməklə tranziti ehtimalı da nəzərdən keçirilə bilər. Hələlik bu yataqla bağlı yalnız möhtəkir informasiyalar mövcuddur, o cümlədən Rusiya və Çinin “Çalus”da pay bölgüsü ilə bağlı”.
Yekunda iranşünas siyasi şərhçi bildirib:
“Hər halda, iranlı ekspert qrupunun əksər üzvləri, o cümlədən keçmiş səfir Möhsün Pakayin İran, Azərbaycan və Türkmənistan arasında imzalanmış müqaviləni Tehran və Bakı arasında siyasi əlaqələrin möhkəmlənməsi üçün müsbət və faydalı addım sayır. Onların fikrincə, məlum müqavilə həm də hər üç ölkənin möhkəm iqtisadi tərəfdaş olmaq iradəsini əks etdirir.
Rafi Müslümov
